Prezident İlham Əliyev bu günlərdə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirmişdi ki, yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir.
Zəngəzur dəhlizinin açılması Azərbaycan və Cənubi Qafqaz üçün hansı perspektivləri vəd edir? Dəhlizlə bağlı gözləntilər nələrdir?
Mövzu ilə bağlı siyasi şərhçi Tural İsmayılov Referans.az" target="_blank">Referans.az-ın sorğusunu cavablandırıb. Tural İsmayılov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın ortada konkret və aydın mövqeləri var. Bu gün öz üzərinə düşən öhdəliyi yerinə yetirməyən isə Ermənistandır. Faktiki olaraq ortada 10 noyabr bəyanatı olsa da lakin Ermənistan hər vəchlə bu bəyanatda üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Lakin Azərbaycan prezidenti İlham Əliyevin də söylədiyi kimi Zəngəzur dəhlizi tamamilə obyektiv bir reallıqdır. Bu dəhlizin açılması ilə bağlı konkret iradələr və mövqelər mövcud olmalıdır.
Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, Azərbaycan sözügedən dəhlizin açılması ilə və dəhlizin regional-iqtisadi- siyasi əlaqələrə güclü təsirləri ilə bağlı öz mövqeyini daim ən yüksək səviyyədə ifadə edibdir. Obrazlı desək indi top Ermənistan və onun havadarlarındadır. Amma təəssüflər olsun ki, təkcə Ermənistanı silahlandıran Fransa və Qərbin bəlli dairələri bu layihənin əlehinədir. Eyni zamanda regionun digər dövətlərindən biri - İran da mənasız yerə Zəngəzur dəhlizinin əlehinə istənilən formada Ermənistanla həmrəylik nümayiş etdirir.
"Əlbəttə ki, baş verən bütün bu hadisələr bir daha onu göstərir ki, regional dirçəliş, paralel olaraq regional kommunikasiya layihələrinin inkişafında maraqlı olan tərəf məhz Azərbaycan və Türkiyədir. Lakin bütün bu proseslərə baxmayaraq bu gün İran və Ermənistan bu dəhlizinin açılmasında maraqlı deyillər. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın konkret iradəsi mövcuddur. Ona görə də bu prosesi Ermənistan çox yubada bilməyəcək", - deyə siyasi şərhçi qeyd edib.
Bünyamin Bünyadzadə
Referans.az" target="_blank">Referans.az