"2024 YR4" asteroidi 2032-ci il dekabrın 22-də Yerə 106 km məsafəyə yaxınlaşacaq..."
Keçən ilin dekabrında Çilidəki teleskop Yerə yaxın məsafədən keçən yeni bir obyekti qeydə alıb. Aparılan müşahidələr göstərib ki, bu, diametri təxminən 60 metr olan Yerə yaxın bir asteroiddir.
Moderator.az xəbər verir ki, bu barədə "primamedia.ru" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, onun uçuş trayektoriyasının hesablanması astronomları "2024 YR4" asteroidi Avropa Kosmik Agentliyinin (ESA) və ABŞ-ın Aerokosmik Agentliyinin (NASA) ən təhlükəli kosmik obyektlər siyahısına daxil etməyə məcbur edib.
Məsələ ondadır ki, bu asteroid 22 dekabr 2032-ci ildə yenidən Yerə yaxınlaşacaq. Həmin gün nəhəng kosmik qaya planetə cəmi 106 min kilometr məsafəyə qədər yaxınlaşacaq. Alimlərin qeyd etdiyi kimi, Yerə yaxın asteroidin orbitinin qeyri-sabitliyi səbəbindən bu, birbaşa toqquşma ilə nəticələnə bilər.
Hazırda mütəxəssislər onun Yerə düşmə ehtimalını 1:83 olaraq qiymətləndirirlər. "Katalina Səma Rəqəmsal Araşdırma" birliyinin asteroid ovçusu Devid Rankinin sözlərinə görə, bu, bütün müşahidə tarixi ərzində böyük bir daşla toqquşma üçün ən yüksək ehtimaldır.
Bununla belə, "Space" nəşrinə verdiyi müsahibədə Rankin mümkün fəlakət barədə indidən narahat olmağa dəymədiyini bildirib. O, qeyd edib ki, toqquşma zamanı vurulacaq ziyan bir sıra amillərdən, məsələn, obyektin dəqiq ölçüsü, tərkibi və düşmə yerindən asılıdır. Bütün bunları astronomlar 2028-ci ildə müəyyən etməyə çalışacaq. Həmin ildə "2024 YR4" Yerə təxminən səkkiz milyon kilometr məsafəyə qədər daha təhlükəsiz bir yaxınlaşma edəcək.
Lakin əgər hazırkı hesablamalar asteroidin xüsusiyyətləri ilə bağlı doğrudursa, onun düşməsi 1908-ci ildə Sibirdə yerə çırpılaraq 2150 kvadrat kilometr ərazidə meşəni məhv edən "Tunqus" meteoriti hadisəsinə bənzəyəcək. O zaman düşmə güclü partlayışla müşayiət olunub, partlayış dalğası dünyanın müxtəlif yerlərindəki seysmometrlər tərəfindən qeydə alınıb.
Hazırda ehtimal edilir ki, "2024 YR4" asteroidinin "risk dəhlizi" ekvatora yaxın bir ərazidə- Cənubi Amerikadan Atlantik okeanı üzərindən Afrikanın cənub sərhədlərinə qədər uzanan xətt boyunca yerləşir.