Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahlara verilən müddət sabah başa çatır.
Praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Onlar praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Beləliklə müddət sabah başa çatacaq. Müvafiq sənədləri təqdim etməyən plastik cərrahların lisenziyası sabahdan etibarən ləğv ediləcək və onlara tibb fəaliyyəti ilə məşğul olmaq qadağan ediləcək./modern.az