Rusiyanın əsas silah şirkətlərindən biri olan "Rostex"in rəhbəri Sergey Çemezovun həyat yoldaşı Yekaterina İqnatova Moskvada yerləşən və ümumi sahəsi 1,5 min kvadrat metr olan dəbdəbəli mənzillərini olduqca yüksək qiymətə satıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Dövlət Dumasına baxışı olan bu nəhəng mənzillər "Oxotnı Ryad" 2 ünvanında, "Four Seasons" otelinin (keçmiş "Moskva" mehmanxanası) 12-ci və 13-cü mərtəbələrində yerləşir. Otelin yuxarı mərtəbələri yaşayış sahəsi kimi istifadə edilir.
"Otkritıe Media" nəşrinin məlumatına görə, İqnatova 2015-ci ildən bu mənzillərin sahibi olub. Çemezovun 2020-ci il gəlir deklarasiyasında, "Oxotnı Ryad" ünvanında sahəsi 711 və 723 kvadratmetr olan iki mənzil yer alıb. Lakin bu mənzillər 2021-ci ilin hesabatında artıq görünməyib.
Bu binada kvadratmetrin qiyməti 2-2,5 milyon rubl (təxminən 25 min ABŞ dolları) arasında dəyişir. Bu hesabla İqnatova mənzillərin satışından 3-3,7 milyard rubl (təxminən 37 milyon dollar) gəlir əldə edə bilərdi.
Mənzillərin yeni sahibi iş adamı Albert Avdolyandır. Əmlaka mülkiyyət hüququ 30 dekabr 2021-ci ildə qeydə alınıb, lakin bu barədə indiyə qədər məlumat yayılmayıb. Avdolyan Yota şirkətinin yaradıcısıdır və Elqinsk kömür yatağı, Yakutsk Yanacaq-Enerji Şirkəti və bir sıra digər aktivlərə sahibdir. Onun sərvəti 2,9 milyard dollar dəyərləndirilir və Rusiya Forbes siyahısında 47-ci yerdə qərarlaşıb. Avdolyan Rusiya, Ermənistan və Malta vətəndaşlığına malikdir və Qərb sanksiyalarına məruz qalmayıb.
Qeyd edək ki, Çemezovun "Rostex"i əvvəllər Yota Devices şirkətinə sahib olub (bu şirkət YotaPhone smartfonlarını istehsal edirdi). 2018-ci ildə dövlət şirkəti öz payını Çin konsorsiumuna satıb.
İqnatova Rusiyanın ən varlı qadınlarından biridir. 2021-ci ildə o, Forbes reytinqində 23-cü yeri tutub. Hazırda ona Moskvada, Ostojenka küçəsində yerləşən "Next" gözəllik salonu (2023-cü il mənfəəti – 1,1 milyon rubl), həmçinin "Bogatıy urojay" aqrokompleksi (2023-cü il mənfəəti – 3,3 milyon rubl) məxsusdur.
"MO" mənbələrinin məlumatına görə, hazırda Çemezov RTVI telekanalını maliyyələşdirir. Kanalın jurnalistləri "Rostex" rəhbəri haqqında müsbət materiallar dərc edir, o cümlədən Putinlə dostluğuna dair müsahibələr yayımlayırlar.
P.S. Sergey Çemezov Rusiyanın nüfuzlu dövlət məmurlarından və iş adamlarından biridir. "Rostex", Çemezovun rəhbərliyi altında Rusiya müdafiə sənayesi və yüksək texnologiyalar sektorunda aparıcı dövlət korporasiyalarından birinə çevrilib.