Bir çox bitki və heyvan növünün müxtəlif amillər səbəbindən genetik müxtəlifliyini itirdiyi müəyyən edilib.
Müxtəlif universitetlərdən alimlərin apardığı tədqiqat çərçivəsində 1985–2019-cu illər arasında qeydə alınan 628 bitki və heyvan növü ilə bağlı məlumatlar araşdırılıb. Nəticələr quşlar və məməlilər başda olmaqla bitki və heyvan növlərinin təxminən üçdə ikisinin genetik müxtəlifliyində azalma müşahidə olunduğunu göstərib.
Genetik müxtəlifliyin azalmasının qlobal miqyasda baş verdiyini və bu prosesin təbii fəlakətlər, xəstəliklər və ya həddindən artıq istismar kimi müxtəlif amillərlə bağlı ola biləcəyini bildirən tədqiqatçılar bir çox növün bu ekoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiyini qeyd ediblər.
Tədqiqat qrupunun üzvlərindən Sidney Universitetində mühafizə biologiyası üzrə çalışan Ketrin Qrüber "Təəccüblü bir tendensiya olaraq risk altında olmadığı hesab edilən bir çox növdə belə genetik müxtəlifliyin azaldığını gördük" ifadəsini işlədib.
Tədqiqatçılar ətraf mühit şərtlərini yaxşılaşdırmaq və populyasiya artım tempini yüksəltmək üçün hazırlanacaq strategiyaların genetik müxtəlifliyin qorunmasına və hətta artırılmasına kömək edə biləcəyini vurğulayıblar.
Araşdırmanın nəticələri "Nature" jurnalında dərc edilib.