AZ

2024-cü ildə əkin sahələri 10,8 faiz azalıb

Ekspert hesab edir ki, səbəblərdən biri torpaqların dincə qoyulması ilə bağlı ola bilər

Son 5 ildə Azərbaycanda əkin sahələri 10,8 faiz azalıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, 2019-cu ildə 1 milyon 717 min hektar əkin sahəsi olduğu halda 2023-cü ildə bu rəqəm 1 milyon 535 min hektara düşüb. Kənd təsərrüfarı naziri Məcnun Məmmədov isə açıqlamasında deyib ki, 2024-cü il statistikasında əkin sahələri üzrə göstəricilərin azalması dürüstləşmə ilə əlaqədardır. O bildirib ki, dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayıb: “Artıq müəyyən sahələrdə məhz illər üzrə dəmyə əkinlərində məhsul yaxşı səviyyədə olmadığına görə insanlar əkindən qaçırlar.
Buna paralel olaraq biz bu ildən bəzi addımlar atmağı planlayırıq. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanda dincə qoyulma subsidiyası nəzərdə tutulub. Bu ona görədir ki, dəmyə əkinlərində hər il eyni bitkinin əkilməsi istər-istəməz həm rütubət, həm də məhsuldarlıq itkisinə gətirib çıxarır”.

Ölkə ərzaq təhlükəsizliyinə bu qədər önəm verdiyi bir vaxtda əkin sahələrinin azalması ciddi məsələdir. Əkin sahəsinin azalması birbaşa məhsul istehsalının kiçilməsinə əsas verir. Bu da ölkəmizin ərzaq təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir. Ekspertlər hesab edir ki, əkin sahələrinin azalmasının bir neçə səbəbi var. Əsas səbəb bu gün fermerlərin rentabelli məhsul yetişdirə bilməməsi ilə bağlıdır. Yəni hər il fermerlərin əksəriyyəti məhsul becərir və yetişdirir deyə ziyana düşür.

2024-cü ildə Azərbaycanda əkin sahələrinin 10,8 faiz azalmasının səbəblərinə toxunan Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki, torpaqların əkilməsinə müvafiq qurumun nəzarəti artırılmalıdır:

“Təbii ki, işğaldan azad olunmuş ərazilərin dövriyyəyə qaytarılması əkin sahələrinin artmasına gətirib çıxarmalı idi. İlk baxışdan hər kəsin ağlına bu fikir gəlir, lakin statistika əksini deyir. Deməli, ortada real problem var və müvafiq dövlət qurumu bu məsələni diqqətdə saxlamalıdır. Şübhəsiz ki, iqlim dəyişiklikləri və quraqlıq dəmyə sahələrində məhsuldarlığın azalmasına və bu sahələrdə əkin işlərinin aparılmasına fermerlərin marağının azalmasına gətirib çıxarır. Digər səbəbin isə torpaqların dincə qoyulması ilə bağlı olduğunu hesab edirəm. Yəni eyni ərazidə fasiləsiz əkin aparılanda məhsuldarlıq azalır. Ona görə də torpaqların dincə qoyulmasına ehtiyac yaranır. Mütləq şəkildə müvafiq qurum bu sahəyə nəzarət etməli və hansı sahələrin əkilməsi və ya dincə qoyulması ilə bağlı statistik məlumatları təqdim etməlidir.  O cümlədən quraqlığın təsirindən əkin aparılmayan sahələrin həcmi müəyyənləşdirilməli və həmin sahələrdə innovativ yollarla əkin işlərinin aparılması ətrafında düşünülməlidir. Torpaqların əkilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmini baxımından vacibdir. Bu baxımdan müfaviq dövlət qurumu tərəfindən yaranmış yeni çağırışlar ətrafında real addımların atılacağını hesab edirəm”.

Seçilən
4
5
sherg.az

7Mənbələr