İrəvanın mərkəzində Azərbaycan dilində “Qarabağ” mahnısı oxuyan bir qrup insanın videosu Ermənistanda rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, ermənilər onları “Azərbaycan kəşfiyyatçıları” adlandırsalar da, həmin şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.
Erməni politoloq Qaqik Ambaryan məsələ ilə əlaqədar diqqətçəkən açıqlama verib:
“İnternetdə bir qrup azərbaycanlının (ehtimal ki, İran vətəndaşı) İrəvanın “Respublika” meydanında azərbaycanca “Qarabağ” mahnısı oxuduğunu əks etdirən video aktiv şəkildə yayılır. Hakimiyyət tərəfdarları dərhal buna reaksiya verdilər ki, guya, bu, köhnə materialdır, ötən il çəkilib. Həmçinin o yalanı tirajlayırlar ki, mahnı farsca ifa olunur. Hər ikisi yalandır, mahnı da azərbaycancadır.
Material yenidir və bunun sübutu “Respublika” meydanında Yeni illə əlaqədar qoyulan dekorasiyalardır. Meydanda yerləşdirilmiş ulduzlar arxada qoyduğumuz Yeni il gecəsinə aiddir. Hökumət binasından keçən il sökülən saat qülləsi dekorasiyalar arasında yoxdur. Yəni hakimiyyət tərəfdarlarının yalanı beləcə ifşa olundu”.
Ambaryan da məsələni Azərbaycan kəşfiyyatına bağlamağa çalışıb:
“Güman edirəm ki, bütün bunların təşkilatçıları Azərbaycan xüsusi xidmət orqanlarıdır. Onlar bununla göstərirlər ki, Ermənistanda istədikləri yerdə istədiklərini edə bilərlər. Artıq “Respublika” meydanında Azərbaycan dilində “Qarabağ” mahnısı da ifa olunur”.
Videonu təqdim edirik: