AZ

Qürbətdə Vətən sevgisi

Müsahibimiz Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri,  “Qarabağ məktəbi”nin təsisçisi Fəridə Pənahovadır 

– Fəridə xanım, ötən ay Bakıda Qərbi Azərbaycanla bağlı təşkil olunan konfransda iştirak etmisiniz. Öncə bu barədə fikirlərinizi dinləmək istərdik. 

– Bakıya son dəfə bir neçə il əvvəl gəlmişdim. Düzü, darıxmışdım Bakı üçün. Odur ki, Qərbi azərbaycanlıların qayıdışına həsr olunmuş konfrans gözəl fürsət oldu. Konfransa 50-dən çox ölkədən 100-ə yaxın insan təşrif buyurmuşdu. Çıxışların hər birinə diqqətlə qulaq asdım. Xüsusilə Xorvatiya, Serbiya, Malta, İordaniyadan olan konfliktoloqların çıxışlarını çox bəyəndim. Xarici ölkələrdən gəlmiş bu qədər mütəxəssisin Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı təkliflər səsləndirməsi çox maraqlı oldu. Mən də bu icmanın bir parçası olaraq cənab Prezidentin tarixi ədalətin bərpasına yönəlmiş bütün çıxışlarını, siyasətini dəstəkləyirəm və hər zaman bu istiqamətdə əlimdən gələni etməyə, Böyük Qayıdış konsepsiyasının gerçəkləşməsi naminə fəaliyyətə dəstək olmağa hazıram. 

– Əslində, Qərbi Azərbaycan məsələsinin siyasi gündəliyə daxil edilməsi məhz 44 günlük Vətən müharibəsindəki Böyük Qələbəmizdən sonra baş verdi. İstərdim ki, uzun illər Britaniyada yaşayan soydaşımız olaraq orada azərbaycanlı portretinə, kimliyinə münasibət barədə danışasınız. 

– Bəli, mən ötən əsrin 90-cı illərinin əvvəllərində Britaniyaya köçmüşəm. Bildiyimiz kimi, o vaxt çətin dövrlər idi və ölkəmizdə vəziyyət heç də ürəkaçan deyildi. Biz həyat yoldaşımla bərabər müxtəlif KİV-ə məktublar ünvanlayırdıq. Yadımdadır ki, cavab məktublarından birində deyilirdi ki, bizim üçün Əfqanıstan (?!) maraqlı deyil. Təsəvvür edin ki, Azərbaycanı tanımırdılar, ölkəmiz haqqında məlumatlar yox səviyyəsində idi. Lakin 1994-cü ildə ulu öndər Heydər Əliyev İngiltərənin o zamankı baş naziri Con Meycorin dəvətilə Londona getdi. O, həmçinin müxtəlif qlobal şirkətlərin rəhbərləri ilə də görüşlər keçirdi. Yadımdadır ki, o zaman Marqaret Tetçer baş nazir olmasa da, o da Ulu öndərlə görüş keçirdi. O zaman Marqaret Tetçer dünyada Ronald Reyqan qədər tanınmış siyasət adamı idi. Heydər Əliyevin məhz Tetçerlə görüşməsi böyük ajiotaj yaratmışdı. Həmin səfər zamanı İngiltərə dövləti ilə Azərbaycan arasında təhsil, iqtisadiyyat və digər sahələrdə mühüm kontraktlar imzalandı. O zaman dövlətimizin büdcəsində böyük pullar yox idi. Lakin İngiltərə kimi praktik bir ölkə bizə sərmayə qoymaqdan çəkinmədi. Çünki onlar anlayırdılar ki, artıq Azərbaycan dövlətinin başında böyük dövlətçilik təcrübəsi olan insan dayanıb. Hətta bunu yüksək dövlət rəsmiləri ilə görüşlərimdə onların özlərindən də eşidirdim. 

Beləcə, Azərbaycan İngiltərdə tanınmağa başladı. Sonradan ölkəmizin inkişafı sürətləndi. Bu gün Azərbaycan dünyada sözü eşidilən və mövqeyi əsas götürülən dövlətlər sırasındadır. Avroviziya mahnı müsabiqəsi, Ümümdünya mədəniyyətlərarası forumlar, Davos Forumu, Formula 1, Avropa Oyunları və COP 29 kimi möhtəşəm konfransın Bakıda keçirilməsi bunu sübut edir. Ötən payız minlərlə insan Bakıya gəldi, COP29-da iştirak etdi. Böyük Britaniyanın Baş naziri ölkəsinin 6 naziri ilə gəldi. Bütün bunlar Britaniya–Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğunu sübut edir. Bu əlaqələr, bu səfərlər həm də Azərbaycana qarşı “qara piar” kampaniyaları aparılan zamana təsadüf etdi. Erməni diasporu İngiltərədə, deməzdim ki, çox güclüdür, amma səsi eşidilir. Parlamentdə Baronessa Koks var. O özü erməni olmasa da, erməniləri ingilislərdən də çox sevir. Biz dəfələrlə ona cavab vermişik, onun keçirmək istədiyi anti-Azərbaycan tədbirlərinin qarşısını almışıq.

– Avropada erməni təxribatları mütəmadi xarakter daşıyır. COP29 öncəsi də təxribatlara əl atmışdılar... 

– Doğrudur, belə təxribatlar səngimək bilmir. Son təxribat isə COP29-dan bir ay öncə Kral Kollecində növbəti bir seminarla baş tutacaqdı. Orada görüşün titulu Ermənistan–Azərbaycan konflikti ilə bağlı idi. Ölkəmizi aşağılamaq məqsədləri vardı. Ermənistan səfirinin gəlməsi gözlənilirdi. Biz 12 saat gərgin çalışaraq İngiltərədə oxuyan tələbələr, diaspor fəalları ilə bu təxribatın qarşısını ala bildik. Erməni səfirinin görüşünə 80 nəfər gələcəkdi və biz elə etdik ki, o görüş ləğv edildi. Tələb qoyduq ki, Ermənistan səfirinin görüşü Azərbaycanla bağlı olmasın və o, Azərbaycan adını çəkməsin. İcma olaraq tələbələrimizin dəstəyi ilə buna nail olduq. Universitetin rəhbərliyinə çıxış üçün tələbələrimizin imkanlarından istifadə etdik və beləliklə də, onların da təşkilatlanmasına dəstək olduq. 

– İngiltərədə birinci nəsil ilə ikinci nəsil azərbaycanlılar ifadəsi işlədilir. Ümumiyyətlə, orada yaşamaq qərarı verən soydaşlarımızın, adətən, üzləşdiyi problem nə olur və diaspor təşkilatı bu problemi necə həll edir?

– Mən birinci nəsil köçənlərdənəm. Ailə həyatı qurduqdan sonra İngiltərəyə getmişəm. İlk dəfə gedərkən milli kimlik məsələsi bizim üçün çox vacib idi. Düşünürdük ki, necə edək, həmin cəmiyyətə inteqrasiya olaq. Bizim insanlar üçün təkcə Britaniyada deyil, bütün ölkələrdə cəmiyyətə inteqrasiya etmək elə də çətin olmur. Çünki tez uyğunlaşırıq, həmin ölkənin dilini, mədəniyyətini öyrənirik. Mənim özümə inzibatçı-assistent təklif edildi. Özü də çox aşağı maaşa. Amma mən bilirdim ki, qısa müddətdə özümü göstərə biləcəyəm. Digər soydaşlarımızda da bunu gördüm. Gəlirdilər, biz onlara dəstək verirdik. Onların İngiltərə Daxili İşlər Nazirliyinə verdikləri ifadələri tərcümə edirdim və sonradan görürdüm ki, qısa müddətdə onlar hansı işdə çalışırdılarsa, o işi mənimsəyirdilər. Onlar sonradan təhsil almağa başladılar. Mən özüm 24 il İngiltərədə dövlət qurumunda çalışdım.

– Azərbaycanlıların adaptasiyası məsələsinə toxundunuz. Bəzən mənim heç də razı olmadığım bir ifadə işlənir ki, erməni harda olsa, ermənidir, yəni dəyişmir. Amma bizdə milli kimlik ətrafında birləşmək nisbətən zəif olur. Xaricə köçənlər həmin ölkəyə daha çox inteqrasiya edir, yaxud unutqanlığa meyilli olurlar. Sizin fikirləriniz maraqlıdır...

– Erməni diasporu bizimkindən çox-çox əvvəl formalaşıb. Dediyim kimi, mən İngiltərəyə ilk köçənlərdənəm. Bizim üçün əsas olan o cəmiyyətdə özümüzə həyat qurmaq idi. Biz oraya köçəndə artıq ermənilərin orada diasporu var idi, onlara dəstək verənlər var idi. Bizim isə səfirliyimiz belə yox idi. Amma deməzdim ki, soydaşlarımız öz milli kimliklərini itirirlər və yaxud hər hansı kompromisə gedirlər. O zaman bizim əleyhimizə güclü təbliğat gedirdi. Bacardığımız qədər müqavimət göstərirdik. Həmişə istər Güney, istərsə də Quzey Azərbaycanla bağlı milli bayramlarımızda birləşirdik. İndi artıq bir sıra təşkilatlarımız var. 

Bir nüansı da qeyd etmək istəyirəm ki, Ermənistan dövlətinə xaricdə yaşayan ermənilər çox böyük dəstək göstərirlər. Bizdə isə, əksinə, dövlət diasporlara dəstək verir. Mən fürsətdən istifadə edərək, icmamıza göstərdikləri diqqətə görə dövlətimizə, diaspor komitəsinə təşəkkürümü bildirirəm. Bu yaxınlarda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yubiley medalı ilə təltif edilməyimə çox sevindim. Biz ailəlikcə diaspor fəalıyıq. Həyat yoldaşım 70-ci illərin sonunda İngiltərədə Azərbaycan diasporunun əsasını qoyanlardan olub. Məhz o məni diaspor işinə istiqamətləndirib, bu sahədə güclü dəstəkçimdir. 

– Rəhbərlik etdiyiniz cəmiyyət həm də milli mədəniyyətimizin, incəsənətimizin təbliği ilə məşğuldur. Bildiyimə görə, Xalq artisti Fidan Hacıyeva ilə birgə layihələr üzərində çalışırsınız...

– Elədir. Siz başlanğıcda məni həm də Qarabağ məktəbinin təsisçisi kimi təqdim etdiniz. Bizim məktəbimiz 4 il bundan öncə təsis olunub. Əslində, Qarabağ məktəbinin əsasını 2019-cu ildə Birinci vitse-prezidentimiz Mehriban Əliyeva qoyub. Bizdən öncə Avropanın iki ölkəsində də belə məktəblər təsis olunub. Yaratdığımız məktəblərə ya Azərbaycan, ya Qarabağ məktəbləri adı verilib. Çünki bu, həmişə prinsipial əhəmiyyət daşıyıb. 

Biz 2021-ci il sentyabrın 27-də, məhz şəhidlərimizin anım günündə öz məktəbimizi təsis etdik. Məktəbdə 50-dən yuxarı şagird var. Övladlarımıza Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrədirik. Əsas məqsədimiz milli kimliyinə sıx bağlı olan gənclərimizin yetişdirilməsidir. Bunlar bizim orada böyüyən və estafetimizi daşıyacaq soydaşlarımızdır. Artıq postmüharibə dövrü üçün yetişən, akademik səviyyədə formalaşan diasporumuz olmalıdır. Yeni istiqamət budur. Milli kimliyini tanıyan və tanıdan, mədəniyyət və incəsənətimizə bələd olan gənclərlə biz daha yüksək zirvələrə qalxa bilərik. 

Xalq artisimiz Fidan Hacıyeva da bizim bu yöndəki fəaliyyətimizi diqqətlə izləyir, milli təəssübkeşlik hissi ilə çalışmalarımıza qatılır. Onunla birgə bir klip üzərində çalışdıq. “Can, Azərbaycan” adlı həmin klipdə İngiltərədə yaşayan azərbaycanlı uşaqlar Vətən sevgisini tərənnüm edirlər. Bu, təbliğat-maarifləndirmə materialı kimi çox önəmli klip oldu. Fidan xanım bu klipi gördükdən sonra təklif etdi ki, Qarabağ məktəbi ilə onun rəhbərlik etdiyi məktəb arasında əməkdaşlıq olsun. Beləliklə, biz “Arşın mal alan” operettasının ingilis dilində təqdim olunmasını təşkil etdik. Mən Fidan xanımın iki konsertini orada təşkil etmişəm. 2014-cü ildə ilk solo konsertinə 500 nəfər gəlmişdi, 6 ölkənin səfiri, 20 ölkənin nümayəndələri iştirak etmişdilər. Yadımdadır ki, ingilislər Xalq artistimizi ayaqda alqışladılar. 2017-ci ildə isə Üzeyir Hacıbəyli ilə bağlı digər böyük konsertimiz baş tutdu. Ümumiyyətlə, Nəzrin Rəşidova, Sabina Rakçiyeva, Elçin Şirinov, Ceyla Şirinova mütəmadi olaraq ingilis auditoriyasına gözəl konsertlər verirlər. 

– Bir qədər də İngiltərədəki diasporumuzun strateji hədəfləri barədə danışardınız.

– Bildiyimiz kimi, 2024-cü il Azərbaycan üçün mühüm hadisələrlə yadda qaldı. Biz COP29-la bağlı İngiltərə universitetlərinin birində böyük seminar təşkil etdik və oraya müxtəlif ali məktəblərdən akademik heyət təşrif buyurmuşdu. Məqsədimiz Azərbaycan bayrağının olduğu məkanda müxtəlif elm adamlarını bir araya toplamaq və COP29-un əhəmiyyətini, mahiyyətini, onun Bakıda keçirilməsinin vacibliyini diqqətə çatdırmaq idi. Ölkənin “yaşıl” enerji üzrə strateji istiqamətini müəyyənləşdirən təşkilatların nümayəndələri seminarda fəal iştirak etdilər. “Linkedin” sosial şəbəkəsində bu tədbiri paylaşdılar və Bakıda keçirilən COP29-un əhəmiyyətini vurğuladılar. 

Belə bir məsəl var ki, insan həmişə düşmənindən öyrənir. Gələk erməni təxribatına. Onlar universitetlərdə keçirilən seminarlara öz adamlarını çağırtdırırlar ki, orada ekspert kimi çıxış etsinlər və s. Məqsədləri milli mesajlarını çatdırmaqdır. Biz dəfələrlə onların keçirmək istədikləri tədbirlərin qarşısını almışıq. Çünki orada qondarma “Artsax” əsas mövzu kimi qoyulur. Amma biz də müxtəlif universitetlərdə keçirilən tədbirlərdə iştirak edirik, Azərbaycan həqiqətlərindən, onun Cənubi Qafqazda və dünyada oynadığı roldan bəhs edirik, ölkəmizin sülh və humanitar çağırışlarını təbliğ edirik. Dövlət başçımız bu qədər işlər görür, bu qədər tədbirlərə evsahibliyi edilir, güclü bir siyasət aparılır. Niyə də təbliğ etməyək, bununla fəxr etməyək, bu faktları ingilis cəmiyyətinə çatdırmayaq? Əsas hədəfimiz diasporumuzu akademik çevrələrdə, akademik mövzularda təmsil olunan bir icmaya çevirməkdir. 

– Son sualımız Britaniyada yaşamaq və təhsil almaq istəyən soydaşlarımızla bağlıdır. Siz bu cür strateji cəhətdən önəmli bir ölkədə təhsil almaq və yaşamaq istəyən həmyerlilərimizə nə tövsiyə edirsiniz?

– Artıq Britaniyada bizim tələbələrimiz çoxalmaqdadır. Bəziləri şəxsi vəsaiti, bəziləri dövlət vəsaiti ilə oxuyur. Yeni nəsil tələbələrimiz çox intellektualdırlar. Qürur duyuram. Ora getmək istəyənlər çalışsınlar ki, informasiya texnologiyaları sahəsinə üstünlük versinlər və daim öz üzərlərində işləsinlər. Çünki Qərbdə yaşamaq bunu tələb edir. Unutmamalıyıq ki, biz onlar üçün xariciyik. Yerli vətəndaşların rahat əldə etdiyi imtiyazlara daha çətin nail oluruq. Lakin mütəxəssis kimi peşəkar olduqda onların bizə ehtiyacı yaranır və özümüzü sübut etmək üçün gözəl imkan əldə etmiş oluruq. Bir daha təkrar edirəm, texnologiya, informasiya dövrü olduğu üçün bu sahəyə müraciət çox olmalıdır. Bundan əlavə, tibb sahəsi İngiltərədə çox güclüdür. Bu sahəyə də müraciət etməyi məsləhət görürəm.

Sonda onu da deyim ki, “Xalq qəzeti”ni, 2 ildən bəri fəaliyyət göstərən TV layihənizi izləyirəm. Gözəl silsilə verilişlər ortaya qoyursunuz. Maraqlı həmsöhbətlər, mövzular efiriniz vasitəsilə cəmiyyətə çatdırılır. Bu mövzular soydaşlarımızı da motivasiya edir, onlara stimul verir. Bu verilişlərlə, məqalələrlə bizi – xaricdə yaşayan soydaşlarımızı hər zaman diqqətdə saxladığınıza görə sizə minnətdarlığımı bildirirəm. 

Söhbəti apardı: 
Anar TURAN 
XQ 

 

Seçilən
0
20
xalqqazeti.az

10Mənbələr