AZ

TikTok-da Əl İşləri ilə Yaradıcı Səyahətə Çıxın

TikTok platforması yalnız əyləncə və informasiya mənbəyi olmaqla kifayətlənmir, eyni zamanda yaradıcılıq və əl işlərinə yeni nəfəs verir. Xüsusilə TikTok-da əl işi ilə məşğul olan yaradıcı insanlar öz sənətlərini milyonlarla izləyici ilə paylaşır, onların bəziləri isə viral trendlərə çevrilir. Ən maraqlısı isə odur ki, bu videolar yalnız nəticəni deyil, həm də əl işlərinin necə hazırlandığını göstərir. Beləliklə, izləyicilər təkcə estetik gözəllikdən zövq almır, həm də prosesi izləyərək yeni bacarıqlar öyrənə bilirlər.

TikTok-un kreativ dünyasında diqqət çəkən bir neçə hesab var ki, onlar öz unikal üslubları ilə seçilir. Bu məqalədə, saplarla incə portretlər hazırlayan @noramina.gifts, şüşə üzərində təsvirlər yaradan @ferman_51, əl işlərindən aksesuarlar hazırlayan @bantik_az_materiallar və epoksid sənətini fərqli formada təqdim edən @epoksiart_malzemeleri səhifələrinə nəzər salacağıq.

Saplarla Rəsm Sənəti – @noramina.gifts

Əl işlərinə fərqli yanaşan və saplarla sanki rəsmlər çəkən noramina gifts səhifəsi TikTok-da xüsusi maraq doğurub. Rəssam, minlərlə ipi çərçivə üzərində xüsusi texnika ilə birləşdirərək inanılmaz detallı portretlər hazırlayır. Bu texnika adi bir iş kimi görünsə də, nəticə adama sanki qələm və ya karandaşla çəkilmiş bir şəkil təsiri bağışlayır.

Səhifədə ən çox diqqət çəkən əl işlərindən biri isə Azərbaycanın məşhur sənətçisi Röya Ayxanın saplarla hazırlanmış portretidir. Portretin hazırlanma prosesi video şəklində paylaşılıb və izləyicilər ipi müəyyən nöqtələrə necə bərkitməyi, hansı bucaqlardan istifadə etməyi və ümumi kompozisiyanı necə qurmağı öyrənə bilirlər. Həm estetik, həm də texniki baxımdan olduqca maraqlı olan bu sənət əsəri minlərlə bəyənmə və şərh toplayıb.

Şüşə Üzərində Rəsmlər – @ferman_51

TikTok-da rəsm sənətinə başqa bir baxış gətirən hesab isə ferman_51-dir. Bu səhifənin sahibi adi kağız və kətan əvəzinə şüşə üzərində rəsmlər çəkir. Xüsusi texnika ilə hazırlanan bu rəsmlər işıq altında fərqli effektlər yaradır və olduqca orijinal görünür.

Səhifənin ən çox baxış yığan paylaşımı isə Sevgililər Gününə həsr olunmuş əl işidir. Bir bəy öz xanımına unikal bir hədiyyə etmək üçün ferman_51-ə müraciət edib və rəssam şüşə üzərində cütlüyün portretini yaradıb. Videoda hazırlıq prosesi addım-addım göstərilir və izləyicilər əsərin necə ərsəyə gəldiyini görürlər. Bu video həm romantik olması, həm də incə əl işləri ilə fərqlənməsi sayəsində çoxlu şərh və bəyənmə toplayıb.

Əl İşlərindən Aksesuarlar –@bantik_az_materiallar

TikTok-da əl işləri dedikdə yalnız rəsmlər və portretlər yox, həm də gözoxşayan aksesuarlar yada düşür. Bu sahədə məşhurlaşan səhifələrdən biri bantik_az_materialları-dır. Səhifənin əsas özəlliyi müxtəlif əl işi aksesuarlar, xüsusilə taclar hazırlamasıdır.

Bu səhifənin viral olan videolarından biri isə bir tacın sıfırdan hazırlanmasını əks etdirən paylaşımdır. Burada izləyicilər istifadə edilən materiallardan tutmuş, tacın dizaynına və formalaşdırılmasına qədər bütün prosesi görə bilirlər. Parlaq daşlarla və müxtəlif dekorativ elementlərlə bəzədilmiş bu əl işi minlərlə baxış toplayıb və bir çox izləyicini bənzər aksesuarlar hazırlamağa həvəsləndirib.

Epoksiddən Hazırlanan Maraqlı Hədiyyələr – @epoksiart_malzemeleri

TikTok-un yaradıcı səhifələri arasında epoksid sənətini təbliğ edən epoksiart_malzemeleri də var. Bu səhifədə epoksid materialından istifadə edərək qeyri-adi hədiyyələr hazırlanır.

Xüsusilə ən çox diqqət çəkən əl işlərindən biri epoksiddən hazırlanmış domino daşlarıdır. Bu xüsusi domino seti sıradan bir oyun dəsti deyil – hər bir daşda sahibinin adı və soyadı qeyd olunub, bu da onu unikal və fərdi hədiyyəyə çevirib. Videoda domino daşlarının necə qəlibə töküldüyü, üzərinə xüsusi yazılar əlavə olunduğu və yekun formanı aldığı addım-addım göstərilib. Bu əl işi çox sayda izləyicinin marağına səbəb olub və bu cür fərdi hədiyyələrin son zamanlar daha çox populyarlaşdığını göstərir.

TikTok bir çox sahədə insanlara ilham verən bir platformadır. noramina gifts, ferman_51, bantik_az_materialları və epoksiart_malzemeleri kimi yaradıcı səhifələr insanların sənət və əl işlərinə olan marağını artırır, eyni zamanda hər kəsə yeni bacarıqlar öyrənmək üçün imkan yaradır.

"AzPolitika.info"

Seçilən
1
50
azpolitika.info

10Mənbələr