AZ

Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır - ŞƏRH

Paşinyanın xilası xəyali "Sülh kəsişməsi"ni piar etməklə yox, real Zəngəzur dəhlizinə "yaşıl işıq" yandırmaqla mümkündür

Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan üçün aktuallığını saxlayır. Bunu Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərdən də görmək mümkündür. Bununla yanaşı, Prezident qarşı tərəfin - Ermənistanın hazırkı rəhbərliyinin dörd ildən çoxdur ki, Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı qeyri-konstruktiv mövqe sərgilədiyini də diqqətə çatdırdı. 

Dövlət başçısı rəsmi İrəvanın 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini növbəti dəfə gündəmə gətirdi. Azərbaycan sözügedən üçtərəfli Bəyanatın əvvəlki maddələrinin Ermənistan tərəfindən yerinə yetirilməsini faktiki olaraq güc yoluyla təmin edib. Havadarlarının təhriki ilə Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməkdən boyun qaçıran Ermənistan rəhbərliyini yeni reallıqlarla hesablaşmağa və öhdəliklərini yerinə yetirməyə məcbur etmişik. Ancaq Bəyanatın 9-cu maddəsi hələ də yerinə yetirilməyib. Söhbət kommunikasiyaların blokdan çıxarılmasından və o cümlədən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpasına gətirib çıxaracaq Zəngəzur dəhlizinin açılmasından gedir. 

Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Ekspertin sözlərinə görə, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır:

 "Üçtərəfli Bəyanatın 9-cü bəndində də açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Lakin Bəyanata imza atmış Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu öhdəliyi, bu tələbi yerinə yetirmək əvəzinə, cürbəcür absurd arqument və bəhanələrlə prosesi ləngitməyə çalışır. Erməni hiyləgərliyinə sadiq qalan Nikol Paşinyan Zəngəzur dəhlizi layihəsini əngəlləmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün reallaşmaq imkanı sıfıra bərabər olan qeyri-real və cəfəng layihələri ortaya ataraq, manipulyasiyalarla məşğul olur. Paşinyan “Sülh kəsişməsi” adlı "alternativ" layihə ideyasını ortaya atmaqla faktiki olaraq pozuculuqla məşğul olur. "Sülh kəsişməsi" avantüradan və xəyalpərəstlikdən başqa bir şey deyil. Dövlət başçısı da müşavirədəki çıxışında bu məqama toxunaraq "Sülh kəsişməsi" layihəsinin Azərbaycanın iştirakı olmadan gerçəkləşdirilməsinin qeyri-mümkün olduğunu bildirdi və bizsiz həmin layihənin iki qəpiklik olduğunu qeyd etdi".

Analitik vurğulayıb ki, Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq, manipulyasiya etmək cəhdlərinin səbəbi və məqsədi aydındır: 

"Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarı kimi çıxış edən ölkələr Ermənistan rəhbərliyini inandırmağa çalışırlar ki, bu dəhlizin açılması guya Ermənistanın strateji maraqlarına ziddir. Təəssüf ki, Avropa İttifaqı (Aİ) da bu prosesdə destruktiv rol oynayır. Azərbaycana qarşı müxtəlif çirkin kampaniyaların aparılması da məhz bundan qaynaqlanır. Ermənistan rəhbərliyi məhz ənənəvi havadarlarına arxalanaraq öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən, Azərbaycandan Azərbaycana maneəsiz keçid imkanını yaratmaqdan imtina edir. Ancaq Ermənistan rəhbərliyi bununla faktiki olaraq öz xalqının mənafeyinə zərbə vurur. Bəli, Zəngəzur dəhlizi hamıdan çox məhz Ermənistanın özünə fayda verə bilər. Söhbət ilk növbədə iqtisadi dividendlərdən gedir. Lakin Paşinyanın qətiyyətsiz və ziddiyətli siyasəti Ermənistanın bundan sonra da blokada məngənəsində qalmasına səbəb olacaq. Prezidentin Ermənistanı gözləyən "dalan ölkə" perspektivi barədə açıqlaması bütün erməniləri düşündürməlidir. Ölkə rəhbərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlığı Paşinyanı reallıq hissinə qaytara bilər. Paşinyanın xilası xəyali "Sülh kəsişməsi"ni piar etməklə yox, real Zəngəzur dəhlizinə "yaşıl işıq" yandırmaqla mümkündür".

Seçilən
2
sherg.az

1Mənbələr