AZ

ABŞ: 1 milyondan çox miqrant ölkədən çıxarılır

ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıtdıqdan sonra imzaladığı ilk qanunvericilik sənədlərindən biri “Laken Riley Aktı”dır. Sənəd oğurluq və zorakılıq cinayətlərində şübhəli bilinən qeyri-qanuni mühacirlərin saxlanılmasına səlahiyyət verir. Tramp həm də ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Bununla da o, Baydenin dövründə cinayət törətməyən miqrantların həbsini məhdudlaşdıran qaydaları, habelə ICE (ABŞ Miqrasiya və Gömrük Polisi) agentlərinin kilsələr, məktəblər və xəstəxanalar kimi həssas yerlərdə qanunsuz miqrantların saxlanmalarının qarşısını alan məhdudiyyətləri aradan qaldırıb. 

ABŞ ərazisinə qanunsuz daxil olan miqrantlar isə əsasən Latın Amerikası ölkələrindəndir. Məsələn, ABŞ-da Hondurasdan 261 min, Qvatemaladan 253 min, Meksikadan 252 min, Salvadordan 203 min qanunsuz miqrant yaşayır.

Onlar hərbi təyyarələrlə ölkələrinə deportasiya edilir. Artıq miqrantların olduğu təyyarələr Meksika, Qvatemala, Kolubiyaya göndərilib. Kolumbiya əvvəlcə miqrantları qəbul etməkdən imtina edib. Amma Trampın bu ölkənin məhsullarına yüksək rüsum tarifləri tətbiq edəcəyi ilə təhdid etməsi, Boqotanın geri çəkilməsinə səbəb olub. 

Sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində bildirib ki, bu uçuşlar miqrantların deportasiyası üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin  könüllü getməyi də təklif edib: “Əgər siz ölkədə qanunsuz qalarsınızsa, biz sizinlə məşğul olacağıq, çünki bu ölkənin qanunlarını pozmaq olmaz. Siz başa düşməlisiniz ki, sərhədlərimizi icazəsiz keçməklə qanunu pozursunuz. Ümid edirəm ki, belə insanların hamısı gedəcək”.

Qanunsuz miqrantların hamısının ölkələrinə qayıtması bəzi səbəblərdən mümkün görünmür. Çinki onların bir hissəsi ABŞ-la “çətin” münasibətləri olan Kuba, Venesuela və Nikaraqua vətəndaşlarıdır. Vaşinqton onları qəbul etmək üçün üçüncü ölkələrin razılığını almalıdır. Bu sahədə Vaşinqton Mexikodan dəstək gözləyir. Hələlik müsbət cavab yoxdur. 

Cinayət törətmiş miqrantlar ABŞ üçün problemə çevrilib. Onları geri qəbul etmək istəyənlər yoxdur. Vaşinqton bu sahədə ciddi problemlərlə qarşılaşmamaq üçün müxtəlif variantları nəzərdən keçirir. Tramp “Quantanamo” həbsxanasında cinayətkar qeyri-qanuni miqrantlar üçün saxlanma mərkəzi yaradacağını açıqlayıb. Trampın sözlərinə görə, bu mərkəz ABŞ üçün ən təhlükəli hesab edilən qeyri-qanuni miqrantları saxlayacaq və onların geri qayıtmayacaqlarını təmin edəcək: “Bəziləri o qədər təhlükəlidir ki, gəldikləri ölkələrin onları saxlaya biləcəyinə belə əmin deyilik və biz bu şəxslərin geri qayıtmasını istəmirik. Ona görə də cinayətkarları Quantanamoya göndərəcəyik”.

ABŞ prezidenti hesab edir ki, bu fərman ölkədə cinayətin kökünün kəsilməsinə töhfə verəcək: “Bizə, Konqresin suveren sərhədlərimizi bərpa edilməsi, habelə rekord sayda qeyri-qanuni miqrantların geri göndərilməsi üçün maliyyə dəstəyi lazımdır”. 

Qeyd edək ki, son günlər miqrasiya ilə əlaqədar həbslər gündə 1–1,2 min nəfərə çatıb.  İCE-nin məlumatına görə, yanvarın 23-dən 26-dək 2 min 373 miqrant deportasiya üçün saxlanılıb. Tramp adminis­trasiyasının rəsmiləri gündəlik həbslərin sayının, ən azı, 1500-ə çatdırılmasını tələb ediblər. 2024-cü ildə bu rəqəm gündəlik orta hesabla 311 idi. 

Ümumiyyətlə, Tramp ilk mərhələdə 1,4 milyon miqrantı ölkədən çıxarmağı planlaşdırır. Həmin qrupa cinayət törədən və ya sığınacaq verilmədən deportasiya qərarı alan miqrantlar daxildir. Onların arasında azərbaycanlılar da var. İCE-nin yaydığı sənəddə deyilir ki, 709 Azərbaycan vətəndaşı ilə bağlı yekun deportasiya əmri verilib. Onların əksəriyyəti Meksika sərhədinə gələrək, qeyri-qanuni ABŞ-a keçiblər. Aydındır ki, bu onlara havayı başa gəlməyib. Meksikadan ABŞ-a keçərkən sərhəddəki vasitəçilərə, təqribən, 3 min dollar ödəyənlər var. 

Yeri gəlmişkən, 730 mindən çox amerikalı məktəblinin də ABŞ-dan deportasiya oluna biləcəyi məlum olub. Amma bu sayda miqrantın ölkədən göndərilməsi inandırıcı görünmür. ABŞ-ın İCE xidməti, hətta qəti deportasiya qərarı olsa belə, nəzarət altında olan, lakin həbsdə olmayan şəxslərin dərhal deportasiyasına mane olan amillərin mövcudluğunu etiraf edib.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Seçilən
1
18
xalqqazeti.az

10Mənbələr