Azərbaycanda 2 fevral - Gənclər Günüdür. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycan bu sahədə də bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə , milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb.
Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.
Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Düşmənə qisas hissi ilə kükrəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan əsasən gənclərimiz idi. Məhz onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi, otuz illik həsrətdən sonra əzəli-tarixi yurd yerlərimizə qovuşduq.
Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Qürurverici və sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilən nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensiallarının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı da bu qəbildəndir.Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Azərbaycan gəncliyi hazırda Vətən naminə səylə çalışır, azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Onun qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Dövlət rəhbərimizin yürütdüyü siyasətə dəstəyi, gələcək qarşısında məsuliyyət hissi, öyrənməyə, müasir dövrümüzün çağırışlarına uyğun yeni bilik və bacarıqlar əldə etməyə böyük meyli ilə inkişaf proseslərinin önündə addımlayır. Azərbaycanda gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.
Əziz gənclər!
Bu gözəl bayram münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, Vətənimizin çiçəklənməsi yolunda aparadığınız yorulmaz mübarizədə uğurlar arzulayıram.
Əminə Ağazadə,
Milli Məclisin deputatı