AZ

Ukraynanı ötən il ərzində daha yarım milyon insan tərk edib

Kiyev, 31 yanvar, AZƏRTAC

Yüksək təhlükəsizlik riskləri, kəsilməyən atəş və dağıntılar, davamlı enerji çatışmazlığı ukraynalıların həyat keyfiyyətinə mənfi təsir göstərir. Bu, daha çox xarici miqrasiyaya səbəb olur.

AZƏRTAC “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) yanvar ayı üzrə “İnflyasiya hesabatı”nda məlumat verilir.

Hesabatda deyilir: “2024-cü il ərzində Ukraynadan miqrant axını davam edib və ümumilikdə, bu rəqəm il ərzində təxminən 0,5 milyon nəfər təşkil edib ki, bu da UMB-nin hesablamalarına uyğundur”.

Milli Bankın qeyd etdiyi kimi, bu, miqrasiyanın gələcək dinamikası ilə bağlı fərziyyələri dəyişməməyə əsas verir. Bu il də xaricə miqrant axınının davam edəcəyi gözlənilir (təxminən 0,2 milyon nəfər), amma 2026-cı ildən miqrantların Ukraynaya qayıtması başlayacaq (təxminən 0,2 milyon nəfər), həmin proses 2027-ci ildə daha da sürətlənəcək (təxminən 0,5 milyon nəfər) .

UMB-nin məlumatına görə, ukraynalıların xaricə daha da uyğunlaşması ilə əlaqədar geri qayıtmaq istəyənlərin payında azalma var.

Hesabatda qeyd olunub: “Buna görə də, status-kvo altında miqrantların kütləvi və sürətli qayıtması ehtimalı az görünür və bu, proqnoz müddətində davam edəcək işçi çatışmazlığı ilə nəticələnir”.

Milli Bank miqrantların xaricə daha çox axını və daha az gəlir əldə etməsi risklərini yüksək (25-50 faiz) qiymətləndirir: “Əgər onlar həyata keçirilərsə, əmək bazarının vəziyyəti daha da pisləşəcək və daxili istehlak tələbi azala bilər”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
8
50
azertag.az

10Mənbələr