AZ

Azərbaycan nümayəndə heyəti Pakistanın investisiya imkanlarını qiymətləndirəcək

Azərbaycan nümayəndə heyəti fevralda Pakistana səfər edərək bu ölkəyə investisiyaları, xüsusilə yol layihələrinə yatırım imkanlarını araşdıracaq.

“Report” Pakistanın Rabitə, Özəlləşdirmə və İnvestisiya Nazirliyinə istinadən xəbər verir ki, bu razılaşma nazir Abdul Alim Xanın Azərbaycana səfərinin nəticələrinə əsasən əldə edilib.

"Nazir Abdul Alim Xan Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nabiyevlə danışıqlar aparıb. Görüşdə Azərbaycan nümayəndə heyətinin fevralda Pakistana səfər edərək, xüsusilə Kəraçini Sukkurla və Sukkuru Heydərabad şəhərləri ilə birləşdirən “M-6” və “M-9” magistral yol layihələrinə investisiya imkanlarını nəzərdən keçirməsi barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

Bundan əlavə, tərəflər iki ölkənin dövlət və biznes strukturları arasında yol tikintisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

A.Xan Pakistandan Mərkəzi Asiya ölkələrinə nəqliyyat axınının inkişafının vacibliyini vurğulayaraq, Bakı və İslamabadın bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, nəqliyyat kommunikasiyaları və logistika sahəsində ikitərəfli əməkdaşlıq üçün böyük perspektivlər mövcuddur.

Nazir, həmçinin iki ölkə arasındakı mövcud tarixi, dini və dostluq əlaqələrini qeyd edərək, onların daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Qurumun məlumatına görə, Bakıdakı görüşdə Rəşad Nabiyev bildirib ki, Azərbaycan Pakistanla əməkdaşlığın dərinləşdirilməsinə və investisiya tərəfdaşlığının inkişafında maraqlıdır və nümayəndə heyətinin qarşıdakı səfəri isə bu istiqamətdə mühüm addım olacaq.

Nazirlərin görüşündə dəmir və avtomobil yolu nəqliyyatı sahəsində layihələr, eləcə də bu kimi digər layihələr də daxil olmaqla, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qarşılıqlı investisiyalar məsələlər müzakirə edilib.

Seçilən
0
50
report.az

10Mənbələr