İspaniyanın Mursiya əyalətində Almaniyanın “Rheinmetall” müdafiə konserninin zavodunda güclü partlayış baş verib, insanlar xəsarət alıb.
EFE-nin məlumatına görə, partlayış yanvarın 30-da yerli vaxtla saat 16:20 radələrində zavodun partlayıcı maddələrin saxlandığı anbarda baş verib. Yanğın söndürülənə qədər təxminən 2000 kvadratmetr ərazini əhatə edib.
Partlayış nəticəsində yaşları 30-52 arasında olan 6 işçi yaralanıb. Onlardan biri, 52 yaşlı kişi kəllə-beyin travması alıb. Zərərçəkənlərdən 5-i xəstəxanaya çatdırılıb, birinə hadisə yerində tibbi yardım göstərilib.
Hazırda partlayışın səbəbləri müəyyənləşdirilir. Partlayışın baş verdiyi zavod Almaniyanın “Rheinmetall Expal Munitions” konserninin bölməsinə daxildir. O, artilleriya sursatlarının, minaatan mərmilərinin və orta çaplı mərmilərin, həmçinin detonatorların və raket hərəkət sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.
//Samir Qurbanov, Editor.az