Rusiya baş nazirinin müavini Aleksey Overcukun "İnterfaks"a müsahibəsində Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı səsləndirdiyi fikirlərin ajiotaj doğurması təbiidir. Cənubi Qafqazda nüfuz və təsir imkanlarını sürətlə itirməkdə olan şimal qonşumuzun yüksək ranqlı hökumət təmsilçilərindən birinin Bakı və İrəvana sərhədlərin delimitasiyası prosesi ilə bağlı Rusiyanın vasitəçiliyini təklif etməsi təbii ki, neqativ yöndə qarşılanmalıydı. Çünki rəsmi Moskvanın bu məsələdə səmimi davranmadığı göz önündədir. Aleksey Overcukun Rusiya Hərbi Baş Kəşfiyyat idarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazır olduqlarını bildirməsi əsl həqiqətdə Ermənistanla Azərbaycan arasında sərhəd probleminin sürətli həllinə yox, əksinə, bu prosesin daha da uzadılmasına və bununla da Rusiyanın prosesdə iştirakının təmin olunmasına xidmət edir.
Rusiya Ermənistanla Azərbaycan arasında moderatorluq, vasitəçilik rolunu bərpa etməyə çalışır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində iştirakçılıq isə bu baxımdan Rusiya üçün unikal imkan yarada bilər. Kremldəki strateqlər də məhz bunu yaxşı bildiklərinə görə Overçuku mətbuata çıxarıblar, onun dilindən vasitəçilik təklifini səsləndiriblər. Lakin Bakı və İrəvanın bu təklifə müsbət reaksiya verəcəyi və "yaşıl işıq" yandıracağı isə elə də real görünmür. Çünki hər iki tərəf Moskvanın bu prosesdə moderator yox, pozucu rol oynayacağını yaxşı başa düşür. Rusiyanın bu cür həssas məsələdə vasitəçiliyi prosesin "dalan"a dirənməsi ilə nəticələnə bilər. Ona görə də çox yəqin ki, Bakı və İrəvan sərhəd məsələlərini ikitərəfli formatda nizamlamağa davam edəcək.
Rusiya tərəfi son dövrlərdə həm Ermənistanla, həm də Azərbaycanla münasibətləri kifayət qədər zədələyib. Ona görə də hazırkı məqamda Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinin həllinə dəstək vermək istəyi də siyasi manevr kimi qəbul edilir. Rusiyanın bu təşəbbüsü ilk növbədə regiondan tam olaraq sıxışdırılıb çıxarılmasını əngəlləməyə hesablanıb. Ancaq Rusiyanın "oyundankənar" vəziyyətə düşməsi qaçılmazdır. Çünki Kremlin öz səhvləri belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb.
Bakı və İrəvan isə Rusiyanın bölgədə maraqlarının təmin edilməsinə yox, ikitərəfli formatda əldə etdikləri uğurların davam etdirilməsinə hədəflənib. Bu da tamamilə anlaşılan, düzgün mövqedir. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasını heç bir üçüncü tərəfin iştirakı olmadan tezliklə tamamlamalı və Zəngəzur dəhlizinin açılması, sülh sazişinin bağlanması kimi aktual məsələlərin həllini sürətləndirməlidir. Moskvanın, Brüsselin bu məsələlərə müdaxilə imkanları isə minimuma endirilməlidir. Çünki təcrübə göstərir ki, onlar sülh prosesində yalnız destruktiv rol oynayırlar. Cənubi Qafqaza isə indi hər şeydən öncə məhz sülh lazımdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri