AZ

® Ekspertlərin görüşü: Azərbaycanın aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmağa hazırdır

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, B.Braun şirkətinin dəstəyi ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü keçirilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov rəhbərlik etdiyi hospitalın böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının sayına görə Azərbaycanda lider olduğunu vurğulayıb. O, bu sahədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq etmələri barədə ətraflı məlumat verib. Əməkdaşlıq çərçivəsində Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə 2025-ci ildə Mərkəzi Gömrük Hospitalında meyitdən alınmış (kadavr) qaraciyərin uğurla transplantasiya olunduğunu bildirib. Həmin hadisə Azərbaycanın səhiyyə sahəsində növbəti böyük uğur hesab olunur.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin transplantoloqu, tibb ürə fəlsəfə doktoru Mircəlal Kazımi çıxışında qaraciyər transplantasiyasında anesteziya, əməliyyatdan sonrakı reanimasiya və bərpa proseslərinin əhəmiyyətindən danışıb.

Tədbirin moderatorları – Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini tibb üzzrə fəlsəfə doktoru Zəhra Vəzirova və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova ekspert görüşünün aktuallığını vurğulayaraq, Mərkəzi Gömrük Hospitalının qazandığı unikal təcrübənin ölkənin digər klinikalarında tətbiq olunmasının vacibliyini qeyd ediblər.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları – Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşı Mədinə Quliyeva “Orqan nəqli” mövzularında təqdimatlarla çıxış ediblər.

Ekspert müzakirələrində Mərkəzi Gömrük Hospitalının rəisi tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Musayev, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin dekanı tibb üzrə fəlsəfə doktoru, dosent İsrail Məhərrəmbəyli, Mərkəzi Klinik Xəstəxanasının Anesteziologiya-reanimatologiya şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Vüqar Abdulkərimov, Kliniki Tibbi Mərkəzin Cərrahi Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova və digər mütəxəssislər müzakirə olunan mövzular barədə öz fikirlərini bildiriblər.

Tədbirin yekununda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Azərbaycanda transplantasiyanın inkişafı üçün könüllü donorluq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir iştirakçıları – ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmaq üçün razılıq ərizə formalarını imzalayıb, tibb ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə və təbliğ etməyə çağırıblar.

Seçilən
52
2
azertag.az

3Mənbələr