ABŞ dövlət katibi Marko Rubio “CBS News”-un "Face the Nation" proqramında aktual mövzularla bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Rubio ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı məsələsinə toxunub.
O, husilərin son 18 ayda ABŞ Hərbi Dəniz Qüvvələrinə 174, ticarət gəmilərinə isə 145 dəfə hücum etdiyini bildirib. O qeyd edib ki, husilərin Qırmızı dənizdən hansı gəmilərin keçib-keçməyəcəyinə nəzarət etməsinə icazə verməyəcəklər.
Rubio ABŞ-ın Yəməndə husilərin nəzarətində olan ərazilərə son ana qədər hücumlarını davam etdirəcəyini bildirib. O, husilərə qarşı hücumlar təşkil etməklə bütün dünyaya yaxşılıq etdiklərini söyləyib: "Bu adamları və onların qlobal gəmiçilik qabiliyyətini aradan qaldırmaqla bütün dünyaya yaxşılıq edirik".