Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib.
Publika.az xəbər verir ki, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, rəqəmsal mühitin inkişafı bu sektorda reklam fəaliyyətinin genişlənməsinə və bazar payının artımına səbəb olub, yeni reklam daşıyıcıları meydana gəlib və belə daşıyıcılar yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər, "influyenser", "bloqqer" kimi yeni reklam subyektlərin ortaya çıxması və s.) təchiz edilib. "Reklam haqqında" qanununda sözügedən məsələləri tənzim edən normaların olmaması bu sahədə dövlət nəzarətinin aparılmasına çətinlik yaradır.
Qeyd olunanlar rəqəmsal mühitdə reklam fəaliyyətinin tənzimlənməsinə zərurət yaradır.
Müzakirə edilən qanun layihəsi əsasən aşağıdakıları nəzərdə tutur:
- "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları"nın (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilməsi. Bu tənzimlənmə o halda tətbiq ediləcəkdir ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.
- maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusunun müəyyən edilməsi və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblərin müəyyən edilməsi. Bu məqsədlə Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və onlar reklam subyekti kimi tanınır. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir.