AZ

Sosial xidmət haqqında qanun niyə dəyişir? - Deputat İZAH ETDİ

Bütün inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə sosial xidmət sistemi sosial institut kimi müxtəlif islahat proseslərindən keçir. Əhalinin artan tələbatını nəzərə alaraq sosial xidmətlərin inkişafına yanaşmalar da dəyişir. Nəticə etibarı ilə sosial xidmətlər mütləq dövrün çağırışlarına, inkişaf tendensiyalarına cavab verməlidir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Məmmədova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin məqsədləri çoxşaxəlidir:

"Çətin həyat şəraitində olan şəxslərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar həyata keçirilir. Resurslar bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsinə yönəldilir. Burada inklüzivliyin təşviqi, sosial asılılığın qarşısının alınması, sosial xidmətlərin genişləndirilməsi başlıca prinsiplər sırasındadır.

Mütəmadi olaraq, sosial problemləri müstəqil həll etmək imkanı olmayan, həssas ailələrin səmərəli müdafiəsi üçün adekvat mexanizm və yanaşmaların tətbiqini nəzərdə tutan tədbirlər görülür.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” da ölkədə beynəlxalq sosial xidmət standartlarına uyğun sistemin formalaşmasına təkan verir, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsini təmin edir. Bu mənada çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, ünvanlılığın, eləcə də əlçatanlığın təmin edilməsi də prioritetdir. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi də bu məqsədə xidmət edir. Belə ki, mən bir neçə vacib qeydləri diqqətinizə çatdırmaq istəyirəm. 

Qanun layihəsində nəzərdə tutulan - Sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq bu sahədə çalışan insanların özünü daha faydalı hiss etmələrinə, eyni zamanda bu sahədə çalışan kadrların hüquqlarının qorunmasına zəmin yaradacaq. Nəticə etibarı ilə bu sahəyə marağı artıraraq, kadr axınını gücləndirəcək. Beynəlxalq təcrübə də göstərir ki, düzgün və peşəkar kadrlar sosial xidmətin keyfiyyətinə birbaşa təsir edir. Yəni, sosial xidmət sahəsinin insan resursları potensialı müsbət sosial effekt əldə etməyə kömək edəcək xüsusiyyətlərə, bacarıq və biliklərə malik olmalıdır. Ümumilikdə kadrların təkmilləşdirilməsi sosial institutun beynəlxalq standartlara cavab verməsinə zəmin yaradır.Eyni zamanda bu, qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.

Digər vacib məsələ - sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanmasıdır ki, bu da xidmətin keyfiyyətinin artırılmasına birbaşa təsir edən faktorlardan biridir. Belə ki, xidmət istifadəçisinin xüsusi ehtiyaclarını və üstünlüklərini əks etdirən fərdi plan ən yaxşı təcrübə kimi prioritet sayılır, vaxtaşırı yenilənərək, gələcək qayğı və dəstək planlamasını təmin edir.

Xidmətin keyfiyyətinin artırılmasına yönələn dəyişikliklərdən biri də nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsidir ki, bu da vaxtaşırı monitorinqlərin aparılması, məsuliyyətin və cavabdehliyin daha da artırılmasına zəmin yaradacaq.

Layihədə diqqət çəkən məsələlərdən biri də sosial-mədəni xidmətin əlavə olunması isə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına, bilavasitə sosiallaşmaya, cəmiyyətdə gedən proseslərlə bağlı maariflənməyə yönəlmişdir.

Bir sözlə, hesab edirəm ki, bütün dəyişikliklər müasir sosial xidmət sisteminin daha da təmilləşdirilməsinə zəmin yaradaraq, çətin həyat şəraiti olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə təkan olacaq. Layihənin lehinə səs verirəm", - deputat bildirib.

Seçilən
47
1
modern.az

2Mənbələr