TƏBİB-in nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub - FOTO
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub. 1news.az xəbər verir ki, səfər zamanı tibb və səhiyyənin müxtəlif sahələrini əhatə edən görüşlər və təcrübə mübadiləsi həyata keçirilib. Nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfərinin məqsədi reabilitasiya xidmətlərinin inkişafı üçün əməkdaşlığın qurulması, həkimlərin təcrübə və biliklərinin artırılması üçün təcrübə proqramlarının təşkil edilməsi, Avstriyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlərlə tanışlıq, yeni əlaqələrin qurulması, Azərbaycan və Avstriya səhiyyəsinin idarə edilməsində mövcud perspektivlərin nəzərdən keçirilməsi olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Avstriya Respublikasında Səfirliyinə, “AUVA” Reabilitasiya Mərkəzinə, “AKH” Vyana Mərkəzi Xəstəxanasına, Avstriya Həkimlər Palatasına, Avstriya Avtomobil və Nəqliyyat Birliyinin (ÖAMTC) Helikopter Ambulans Mərkəzinə, “Gmundenberg” Nevroloji Terapiya Mərkəzinə, “EVER Pharma” əczaçılıq şirkətinə və istehsal sahəsinə səfərlər təşkil olunub, eləcə də həmin qurumların rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə bir sıra aktual məsələlər müzakirə edilib, səmərəli işgüzar əlaqələr qurulub, eləcə də Azərbaycan və Avstriya Respublikalarının səhiyyə sahəsində təcrübə mübadiləsi həyata keçirilib. İşgüzar səfər çərçivəsində TƏBİB-in tabeliyində olan tibb mərkəzlərində reabilitasiya xidmətlərinin inkişafı üçün əməkdaşlığın qurulması, həkimlərin təcrübə və biliklərinin artırılması üçün təcrübə proqramlarının təşkil edilməsi, müasir reabilitasiya xidmətlərində tətbiq olunan metod və cihazlarla tanışlıq, Avstriyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlərlə tanışlıq əlaqələrinin qurulması, mümkün əməkdaşlıq sahələrinin müzakirə edilməsi, həmçinin gələcəkdə TƏBİB tərəfindən təşkil edilən proqram, simpozium, konfrans və digər tədbirlərdə iştirak barədə məlumat verilməsi, Avstriya hava ambulans xidməti ilə tanışlıq, hava ambulansları (helikopter) mərkəzlərinin Azərbaycanda qurulması istiqamətində müzakirə və fikir mübadiləsi baş tutub. Qeyd edək ki, gələcəkdə bu kimi işgüzar səfərlərin həyata keçirilməsi, səhiyyə idarə edilməsində, tibbi xidmətlərin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi və xarici dövlətlərlə məhsuldar əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.


