Binəqədi rayonunda ötən gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, hər bir məkanda olduğu kimi Novruz ərəfəsində Binəqədi rayonunun bütün ərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb.
Binəqədi rayonunda bu il “Novruz bayramı” 7-ci mikrorayon Abay Kunanbayev-66 ünvanında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə keçirilib. Bayram tədbirində Binəqədi RİH başçısı Elxan Allahverdiyev, YAP-ın Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Allahverdiyev əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə xoş bayram ovqatı arzulayıb.
Tədbir iştirakçıları bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müğənnilərin ifasında müxtəlif şən mahnılar səslənib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qız toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılar.




