“Monterrey”in 38 yaşlı ispan mərkəz müdafiəçisi Serxio Ramos meydandan qovulmaq üzrə mütləq antirekordçu olub.
Arena.az məlumat verir ki, daha əvvəl Ramos Meksika çempionatının Klausura dövrəsinin 12-ci turunun “UNAM Pumas”la səfər oyununda (3:1) meydandan qovulmuşdu.
Beləliklə bu, Ramosun 30-cu “igidliyidir”. “Qəhrəmanımız” müvafiq göstərici ilə futbol tarixində meydandan ən çox qovulmuş futbolçu ünvanına sahib olub. Ümumikdə, müvafiq antirekord futbolçunun bütün səviyyələrdə çıxını əhatə edir. Ramos “Real”da 26 dəfə, PSJ-də 2 dəfə, “Sevilya”da isə 1 dəfə qırmızı vərəqə alıb. Ümumiyyətlə Ramos futbol tarixinin ən kobud oyunçularından biridir. Maraqlıdır ki, klub səviyyəsində bu qədər “al boyanmağına” rəğmən, Ramos 180 oyun keçirdiyi İspaniya yığmasının heyətində heç vaxt qırmızı vərəqə görməyib.
Əvvəlki antirekord isə panamalı keçmiş mərkəz müdafiəçisi Felipe Baloya məxsus idi. Baloy 29 dəfə meydandan kənarlaşdırılıb. Maraqlıdır ki, Baloy da “Monterrey”də çıxış edib (2005-2009-cu illər).
Xatırladaq ki, “Monterrey” bu il Serxio Ramosla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Buna qədər Ramos uzun müddət idi azad agent qismində özünə yeni düşərgə axtarırdı.
Serxio Ramos “Monterrey” üçün 5 oyun keçirib, 3 qol vurub.
Ramos “Sevilya”nın məzunudur və Əndəlüs komandasının heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 50 oyun keçirib, 3 qol vurub. Təcrübəli futbolçu 18 ildən sonra, 2023-cü ilin sentyabrında doğma klubuna qayıtsa da, 2024-cü ilin yayında “Sevilya”dan ayrılandan bəri işsiz idi. Veteran müdafiəçinin “Sevilya”nın heyətində çıxışının ümumi mənzərəsi belədir: 87 oyun, 10 qol, 1 məhsuldar ötürmə.
Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçib. Ramos karyerasının ən məhsuldar dövrünü Madrid klubunda keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Serxio “Real”dan ayrılandan sonra Fransa nəhəngi PSJ-də oynamağa başlayıb. Ramos 2021-2023-cü illər aralığında Paris klubunun heyətində 58 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.
Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.