Azərbaycan xalqının milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilib, inancları nəsillərdən nəsillərə ötürülüb.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Novruz bayramının əsas xüsusiyyətlərindən biri cəmiyyəti birləşdirərək ümumi dəyərlərə və ənənələrə olan bağlılığı gücləndirməsidir: “Novruz bəşəriyyətin ümumi dəyərlərinə - sülhə, dostluğa və həmrəyliyə xidmət edir, bu xüsusiyyətləri ilə insanların birliyini və həmrəyliyini əks etdirən yüksək mənəvi dəyərlərin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “...Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Deputat xatırladıb ki, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və bununla da beynəlxalq səviyyədə rəsmən tanınması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində baş tutub:
"Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin növbəti Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu qərarın qəbul olunmasında Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevin müstəsna rolu və əməyi olub. 2016-cı ildə isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Novruz bayramı həm də Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür və milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür”.