Norveçin “Equinor” neft-qaz şirkəti Azərbaycandakı neft-qaz aktivlərindəki səhmlərinin satışından 713 milyon ABŞ dolları əldə edib.
“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 % qeyri-operator payının və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən “BTC Co” şirkətindəki 8,71 %-lik payının satışı üzrə sövdələşməni başa çatdırıb.
“Sövdələşmənin ümumi məbləği pul ifadəsində 713 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin dördüncü rübündə “E&P International” seqmentində (neft kəşfiyyatı və hasilatı) 84 milyon ABŞ dolları dəyərində zərər qeydə alınıb. Daha əvvəl, 2023-cü ilin dördüncü rübündə isə aktivlərin satış məqsədli olması kimi təsnifləşdirilməsi ilə əlaqədar olaraq şirkət 331 milyon ABŞ dolları dəyərsizləşmə ilə üzləşdiyini etiraf edib”, - hesabatda deyilir.
Xatırladaq ki, ilkin olaraq şirkətin Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcəyi bildirilirdi.
“Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun müddəti 2024-cü ildə başa çatıb və 2017-ci ilin sentyabrında 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.