Vladimir Putin Rusiyanın daxili auditoriyasını güzəştə əsaslanan davamlı sülhə yox, Ukraynada uzun sürən müharibəyə hazırlaşdırır.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Hesabatda qeyd edilir ki, son günlər və həftələr Putin özü, eləcə də onun yaxın ətrafı Ukraynada uzunmüdddətli müharibə və yalnız Kremlin şərtləri ilə sülhün mümkünlüyü barədə mesajları gücləndirir.
Belə ki, martın 18-də Trampla telefon danışığından az əvvəl Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresi zamanı iş adamları ilə qapalı görüş keçirib. O, bu görüşdə Rusiyanın daxili auditoriyasını güzəştə əsaslanan davamlı sülhdənsə, Ukraynada uzun sürən müharibəyə hazırlaşmağa çağıran ismarıclar səsləndirib.
İclasda iştirak edən mənbələr və jurnalistlər deyirlər ki, Putin rusiyalı iş adamlarına müharibəni dayandırmaqla bağlı ləng və çətin danışıqlar aparacağı barədə xəbərdarlıq edib. O, biznes nümayəndələrinə kimin hansı məsələləri müzakirə edəcəyini nəzərə alaraq “sadəlövh olmamağı” tövsiyə edib. Putin həmçinin açıq şəkildə bəyan edib ki, Rusiya Qərbdən sanksiyaları tez bir zamanda aradan qaldıracağını gözləməməlidir.
ISW qeyd edib ki, Kreml uzun müddətdir Rusiyanın mövcud cəbhə xəttindən kənarda ərazi və təhlükəsizlik güzəştləri tələblərini yayımlayır. Bu, Rusiya hakimiyyətinə daxili auditoriyaya hərbi fəaliyyətlərə haqq qazandırmaq üçün lazımdır: “Putin və digər Kreml rəsmiləri daxili auditoriyanı Ukraynadakı müharibənin uzun sürən əməliyyat olaraq qaldığına və Rusiyanın Ukraynada tezliklə sülhə nail olmayacağına inandırmağa davam edəcək”.
Bundan əlavə, amerikalı mütəxəssislər hesab edir ki, Rusiya rəsmiləri Qərbin Ukraynaya dəstəyini qırmaq və NATO alyansına zərbə vurmaq üçün ABŞ və onun avropalı müttəfiqləri arasında gərginliyi gücləndirməyə çalışırlar.
Həmçinin, ISW hesabatına görə, Kreml rəsmiləri Putinin Ukraynanı fəth etmək kimi çoxdankı məqsədinə sadiq qaldığını göstərən narrativləri gücləndirməkdə davam edir və Putin bu yolda Ukrayna ilə ABŞ-dən öncədən güzəştlər qoparmaq üçün atəşkəs danışıqlarından istifadə etməyə çalışır.
“AzPolitika.info”