Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi iddialarına dair şərhdə deyilir.
Qeyd edilib ki, Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri kommunikasiyalar və “silahlara nəzarət mexanizmləri” ilə bağlı qondarma təkliflərinə Azərbaycanın müsbət cavab vermədiyini bildirəndə belə görünür ki, Ermənistan tərəfi ya Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı şərhlərini izləmir, ya da nanəciblik, diqqət, təsdiq və ya başqalarını manipulyasiya etmək istəyindən əziyyət çəkir:
"Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına və ümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaq və mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir".