AZ

İmamoğlu həbsdə nə qədər qala bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu “korrupsiya” istintaqı çərçivəsində həbs edilib. İmamoğlu artıq Silivridəki Marmara həbsxanasına göndərilib.

 

Türkiyənin Daxili İşlər Nazirliyi bundan sonra Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən azad edildiyini açıqlayıb. Digər tərəfdən isə praymerizlər zamanı 15 milyona yaxın vətəndaş İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunu respublika prezidentliyinə namizəd irəli sürüb. Bütün bu hadisələr fonunda İmamoğlunu dəstəkləyənlər ölkənin bir çox yerində onun saxlanılmasına etiraz olaraq mitinq keçirir.

 

Maraqlıdır, bundan sonra proses necə davam edəcək?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Aqşin Kərimov Əkrəm İmamoğlunun həbsinə əvvəldən hazırlıq getdiyi həm CHP, həm də AKP daxilində bilindiyini deyib.

 

Politoloqun fikrincə, Türkiyə dövləti ilə PKK lideri Abdullah Öcalanın mövqelərinin uzlaşdırılması, PKK-nın tərksilah edilməsi planı üzərindən yaranan geosiyasi tendensiyalardır:

 

"Ehtimal ki, AKP ilə Öcalanın uzlaşma məqsədləri PKK ilə əlaqəli şəbəkələrin ifşası baxımından Türkiyə kəşfiyyatına yeni məlumatlar təqdim edir. İmamoğlunu bu prosesin hansısa nöqtəsinə yerləşdirmək AKP deyil, dərin mənada Türkiyə dövlətinin mümkün gedişləri kimi perspektivə hesablanıb. İmamoğlunun həbsdən qəhrəman və ya nüfuzu düşmüş şəxs kimi çıxması onun özünü sövdələşmələr müstəvisində necə aparmasından asılı olacaq. İmamoğlunun həbs vaxtı beynəlxalq konyunktura nəzərindən təsadüfi deyil. Həm daxili, həm də beynəlxalq şərtlər AKP-nin rəqiblərə qarşı yeni hərəkat başlatmasına uyğundur. Buna görə də ABŞ ilə Türkiyə anlaşmaları və Donald Tramp administrasiyasının İmamoğlunun həbsinə laqeydliyi Ağ Evin geosiyasi narahatlıqları insan hüquq və azadlıqlarından üstün tutduğunu göstərir, Vaşinqtonla Ankaranın bunun müqabilində güzəşt üçün sahələri müəyyən etməsinə diqqət etmək lazımdır. Vaşinqton Yaxın Şərqdə Türkiyənin strateji rolunun artmasını bölgədə İrana qarşı mövqelərin güclənməsinə təkan verən yeni proses kimi diqqətdə saxlayır".


A.Kərimov sonda əlavə edib ki, İmamoğlu həbsdə uzun illər qalmaya bilər və onun taleyi daxili və xarici siyasət sövdələşmələrindəki nəticələrlə tutuşdurulacaq.


Firuzə Əliyeva
 

 

Seçilən
32
18
sfera.az

10Mənbələr