Oruc, İslamın beş vacib əməllərindən biri olub, hər bir sağlam və yetkin müsəlmana fərzdir. Ramazan ayında oruc tutmaq, Allahın əmridir və böyük savaba səbəb olur. Lakin bəzi insanlar üzrlü və ya üzrsüz səbəblərlə oruc tutmaya bilərlər. Üzrlü səbəblərdən biri xəstəlik və ya səfərdə olmaqdır ki, bu halda həmin şəxslər sonradan qəza etməlidirlər.
Bəs üzrsüz yerə oruc tutmayan şəxsin İslamda hökmü nədir?
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a bu barədə danışaraq məsələyə belə aydınlıq gətirib:
“Fidyə və kəffarə bir-birindən fərqli anlayışlardır və ayrı-ayrı prinsipləri var. Oruc tutmağa gücü çatmayan, qocalıqdan, xəstəlikdən dolayı bu ibadəti yerinə yetirə bilməyən şəxslərə rəbbimiz Quranda yol göstərir. Bəqərə surəsinin 184-cü ayəsində bu barədə qeyd edilir ki, Ramazan ayında insan ya oruc tutur, ya onun kəffarəsini verir, əgər xəstədirsə, sağalandan sonra qəzasını yerinə yetirməyə çalışır. Oruc tuta bilməyən amma maddi imkana malik olmayan insanlar fidyə verirlər. Amma burada insanların maddi imkanlarından söhbət gedir. Yəni insan maddi imkanına görə fidyə verir. Burada məbləğ bir nəfərin qarnını doyurmasına görə hesablanır. Təxminən, minimum 10-15 manat götürülür. Elə insan var ki, səhər-axşam süfrəsi 30-40 manatdır. Bu da insandan-insana dəyişir. Fidyəni verəcək insan məbləği öz süfrəsinə qoyacaq qidalarla müəyyənləşdirir”.
İlahiyyatçı kəffarə anlayışını isə bu cür əsaslandırıb:
Kəffarə İslamda günah və ya xəta üçün edilən bir növ cəzalandırıcı və ya təmizləyici ibadətdir. Peyğəmbərimiz Məhəmmədin (s.ə.s) dövründə kəffarə müxtəlif hallarda tətbiq olunurdu və Qurani-Kərimdə də bununla bağlı qaydalar yer alır.
Peyğəmbərimizin dövründə kəffarə müxtəlif hallarda tətbiq olunurdu. Ramazan ayında bilərək və qəsdən orucunu pozan bir müsəlman üçün kəffarə vacib sayılırdı. Belə bir şəxs öncə bir qul azad etməli, buna imkanı yoxdursa, ardıcıl 60 gün oruc tutmalı, buna da gücü çatmazsa, 60 yoxsulu yedizdirməli idi. Peyğəmbərimizin dövründə bir kişi gəlib orucunu bilərək pozduğunu etiraf etdikdə, ona bu kəffarə yolları izah edilmişdi.