Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

Offsideplus.az xəbər verir ki, yığmamız Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da Belarusla qüvvəsini sınayacaq.

Bu, komandamızın baş məşqçisi Fernandu Santuş üçün 8-ci oyun olacaq. Azərbaycan yığmasında işlədiyi 9 ay ərzində hələ də qələbə üzü görməyən portuqaliyalı çalışdırıcı tilsimi qırmaq niyyətindədir (1 heç-heçə, 6 məğlubiyyət).

Məqsədə çatmaq üçün Belarus kollektivi kifayət qədər münasib rəqibdir. FIFA-nın reytinq cədvəlində 98-ci pillədə qərarlaşan belaruslular (Azərbaycan 117-ci yerdədir) indiyədək bizimlə 6 dəfə qarşılaşıblar. Bu matçlarda yığmamızın üstünlüyü var: 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, topların fərqi: 7-4.

Oyunun mətnlə canlı gedişini, həmçinin maraqlı anların videosunu və fotosunu saytımız vasitəsilə izləyə bilərsiniz.

Beynəlxalq yoldaşlıq görüşü

25 mart

Azərbaycan - Belarus 0:1

Azərbaycan: 23. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə (k), 6. Ozan Can Kökçü, 10. Mahir Emreli, 14. Zamiq Əliyev, 17. Toral Bayramov, 18. Səbuhi Abdullazadə, 19. Nəriman Axundzadə,21. Mert Çelik, 24. Xəyal Əliyev, 25. Şahin Şahniyarov

Belarus: 1. Fyodor Lapouxov, 2. Kirill Peçenin, 3. Pavel Zabelin, 4. Aleksey Qavriloviç, 6. Sergey Politeviç (k), 9. Maks Ebonq, 10. Valeri Qromko, 14. Yevgeni Yablonski, 17. Vitali Lisakoviç, 19. Yuri Kovalev, 23. Trofim Melniçenko

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”

Yığmamızın heyəti kifayət qədər sürpriz oldu. Ötən oyunla müqayisədə ilk "11-lik"də 6 dəyişiklik var. Haitiyə qarşı start heyətindən yalnız Bəhlul Mustafazadə, Ozan Can Kökçü, Mahir Emreli, Toral Bayramov və Nəriman Axundzadə belaruslulara qarşı oynayacaqlar.

39-cu dəq. Oyunda ilk real qol epizodu. Toral Bayramovun sol ayaqla güclü zərbəsi dirəyə tuş gəldi

Birinci hissə qonaqların nisbi üstünlüyü şəraitində keçdi. Onlar qapımız önündə bir neçə təhlükəli epizod yaratsalar da, qol vura bilmədilər. İlk 30 dəqiqəsi darıxdırıcı keçən matç hissənin sonlarına doğru maraqlı mübarizəyə səhnə oldu.

56-cı dəq. Mahir Emrelinin cərimə meydançası həndəvərindən göndərdiyi zərbə zamanı rəqib qapıçı komandasını qoldan xilas edir

59-cu dəq. Belarus yığması hesabı açır.