"Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sertifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Onun fikirincə, bu proses düzgün və məsuliyyətlə təşkil edilsə, nə kənd uşaqları itirər, nə də təhsil sistemi: "Hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmır və bu ciddi bir problemdir. Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə ümumiyyətlə müəllim tapılmır. Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər – Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə müəllim problemi yaşanır. Bu təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir”.
Ekspert təklif edir ki, sertifikasiyadan keçməyən müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər: "Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir. Lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər. Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır”.