Məlum olduğu kimi, “Qəbələ”nin gənc yarımmüdafiəçi Şahin Şahniyarov ötən gün Azərbaycan milli komandasında debüt edib.
Arena.az xəbər verir ki, o, yığmamızın Belarusla yoxlama oyununda meydana çıxıb.
20 yaşlı yarımmüdafiəçi “Masazır Arena”da təşkil olunmuş qarşılaşmanın start heyətində yer alıb. Şahin Şahniyarov 62 dəqiqə meydanda olub.
Gənc futbolçu matçdan sonra debütü barədə fikirlərini “Qəbələ” klubunun mətbuat xidmətinə açıqlayıb:
“Komanda yoldaşlarıma və məşqçilərimizə təşəkkürümü bildirirəm. Milli komandaya dəvət olunarkən özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə mənim üçün daha çox maraqlı oldu. Milli forması ilə ilk matçıma çıxdığım üçün çox sevincliyəm. Necə çıxış etdiyimi deyə bilmərəm, buna məşqçilərim qərar verəcək. Lakin istənilən halda öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Ümid edirəm ki, milli komandanın heyətində və oyunlarda mütəmadi olaraq yer alacağam”.
Qeyd edək ki, Azərbaycan və Belarus yığmalarının görüşündə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.