Bu barədə rusiyalı kosmetoloq, dəri-zöhrəvi xəstəliklər kafedrasının dosenti İnna İlyina "Life.ru"ya müsahibəsində danışıb.
"Valideynlər övladı üçün kosmetik vasitə seçiminə diqqətlə yanaşmalıdırlar. Hətta qızınız kosmetika çəkilməsini çox xahiş etsə belə, müsabiqələr, fotosessiyalar, çıxışlar istisna olmaqla, gündəlik həyatda 12 yaşından kiçik uşaqlara makiyaj etmək tamamilə lüzumsuzdur və hətta zərərlidir", - deyə dosent vurğulayıb.
İnna İlyina uşağın makiyaj etməsinə icazə verilməməsi üçün ən azı beş səbəbi sadalayıb. Birincisi, dekorativ vasitələr allergik reaksiyaya səbəb ola bilər, çünki uşaqların dərisi xarici qıcıqlandırıcılara daha həssasdır. İkincisi, böyüklər üçün olan kosmetikadakı komedogen maddələr sızanaqların yaranmasına gətirib çıxara bilər. Üçüncü, yaşlanma əleyhinə inqredientlər nəticəsində isə gənc dəri, əksinə, vaxtından əvvəl qocalmağa başlaya bilər. Dördüncü, ftalatlar, parabenlər, boya maddələri və sulfatlar kimi bəzi toksik maddələr körpələr üçün potensial təhlükəli ola bilər.
"Həm də ən vacib məqam - böyük insanların əksəriyyəti herpes virusuna yoluxmuş olur. Ananın dodaq boyası və ya digər əşyalar infeksiyanın ötürülməsi faktoruna çevrilə bilər", - deyə İlyina beşinci səbəbi də qeyd edib.