Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən seçki rüşvətxorluğu, habelə seçki zamanı xeyriyyəçilik qadağasının pozulması ilə bağlı faktlar üzrə qaldırılan cinayət işi çərçivəsində Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş siyasi qüvvələrin nümayəndələri və tərəfdarları da daxil olmaqla 8 nəfər barəsində cinayət işi başlanıb.
Bu barədə Publika.az yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, həbslər seçki rüşvətxorluğu, qrup şəklində seçki rüşvətxorluğunun hazırlanması, habelə seçkilər zamanı xeyriyyəçilik qadağasının pozulması ittihamı üzrə aparılıb. İlkin araşdırma zamanı Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizəd irəli sürən iki partiyanın ofislərində və bir sıra şəxslərin mənzillərində axtarış aparılıb, nəticədə iş üçün vacib olan sənədlər, o cümlədən vətəndaşların pasport məlumatları və əlyazma qeydləri olan siyahılar aşkarlanıb.
Saxlanılanlardan üçü yuxarıda göstərilən cinayət əməllərini etiraf edib və ibtidai istintaq orqanına kömək edib.