Türkiyənin paytaxtı Ankarada məhkəmə İsveç vətəndaşı olan jurnalist Kaya Yoakim Medinin həbsinə qərar verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti yayıb: digər media quruluşları da xəbəri tirajlayıblar.
Məlumata görə, Kaya Yoakim Medin İstanbulda etiraz aksiyalarını işıqlandırmaq üçün ölkəyə daxil olduqdan dərhal sonra saxlanılıb. O, Türkiyə Baş Prokurorluğunun 2023-cü ilin yanvarından davam etdirdiyi istintaq çərçivəsində şübhəli şəxs qismində araşdırılır.
İstintaq 2023-cü il yanvarın 11-də Stokholmda – İsveçin paytaxtında – meriya binası qarşısında keçirilmiş etiraz aksiyası ilə bağlıdır. Həmin aksiyada Türkiyədə terrorçu təşkilat kimi tanınan PKK-nın (Kürd Fəhlə Partiyası) tərəfdarları iştirak etmişdilər.
Türkiyə hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində 15 nəfər şübhəli şəxs kimi müəyyən edilib – onlardan biri də Kaya Yoakim Medindir.
Jurnalist Türkiyəyə daxil olduqdan sonra dərhal polis tərəfindən saxlanılıb və Ankara məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
Hadisə Ankara və Stokholm arasında mövcud olan həssas münasibətlər fonunda baş verir. Türkiyə, İsveçin PKK-ya qarşı sərt addımlar atmamasını tez-tez tənqid edir və bu məsələ NATO prosesləri də daxil olmaqla, bir sıra ikitərəfli münasibətlərə təsir göstərir.
İsveç hələlik jurnalistin həbsi ilə bağlı rəsmi mövqe bildirməyib.
Musavat.com