AZ

“Turan Tovuz” - “Qarabağ” matçında yeni rekordlar

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

Arena.az xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi. Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.

Premyer Liqada 100-cü, evdə 50-ci

Bu qarşılaşma “Turan Tovuz” üçün başqa bir məqamla da əlamətdar olub. Qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda “Qarabağ”a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.

Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran “Turan Tovuz” 70 top buraxıb.

Qeyd edək ki, Premyer Liqada 2022/2023-cü illər mövsümündə debüt etmiş Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib və 0:2 hesabıyla məğlub olub.

Tarixdə 2-ci dəfə

“Turan Tovuz” bu oyunda antirekordunu da təkrarlayıb. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 1:4 hesabı ilə uduzub.

Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.

Seçilən
269
11
arena.az

10Mənbələr