Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyədən olan həmyaşıdları ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi məğlub olaraq (1:3) mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, oyunla bağlı baş məşqçi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bu matça qədər 1 gün istirahət etsək də, yorğunluq özünü göstərdi. Bəzi oyunçularımızda yenə həyəcan var idi. Təcrübəsizlik də özünü büruzə verirdi. Xüsusilə də birinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Əvəzində onlar bizə qol vurdular. Ən əsası bu turnir bizə təcrübə qazandırdı.
Turnirdə 3 oyun keçirdik və bir heç-heçə etdik. Deyərdim ki, imkanlarımızdan aşağı çıxış etdik. Daha yaxşı nəticə gözləyirdik. Yenə deyirəm, təcrübəsizliyin əziyyətini çəkdik.
Komandamızda perspektivli və potensiallı futzalçılar var. Bu cür turnirlərdə təcrübə toplamaqla gələcəkdə A milliyə də yüksələ bilərlər”.