“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. İki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı idik. İkinci hissədə sonuncu ötürmələr alınmadı. Heç nədən qol buraxdıq. Bilirdik ki, rəqibin ucaboy futbolçuları var, standart vəziyyətlərdən istifadə edəcəklər. Belə də oldu. Bu gün qələbə qazana bilsəydik, turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdıra bilərdik. Çempionatın daha maraqlı hissəsi hələ qabaqdadır.
Həmişə turnir cədvəlində əsas rəqibimiz olan komandalarla oyunlarda psixoloji gərginlik olur. Uduzmaq, xal itirmək istəmirsən. Komanda “Neftçi”, “Qarabağ”, “Sabah”la daha rahat oynayır. Məncə, sırf psixoloji problemdir”.
Azər Bağırov mövsümün sonuna az qalmış müdafiəçi transfer etmələrinə də aydınlıq gətirib:
“Mərkəz müdafiəçisi mövqeyi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımovu zədəli halda meydana buraxdıq. Bir oyunçunu itirəndə böyük rotasiyalar edə bilmirik. Yerli oyunçu sarıdan da problemlərimiz var. İkinci hissədə rəqibin hücuma atılacağını bilirdik. Buna görə də əks-hücumda oynamaq istəyirdik. Sadəcə əks-hücumlarda incə ötürmələr çatmadı”.
“Kəpəz”in çalışdırıcısı Yeqor Xvalkonun ehtiyatda qalmasına da şərh verib:
“İlkin Qırtımov “Qarabağ”la matçda yaxşı təsir bağışladı. Həftəni də yaxşı keçirmişdi. Böyük dəyişikliklər etmək istəmədik. “Qarabağ”a qarşı yaxşı müdafiə olunduq. Xvalko neçə ildir komandamızın üzvüdür. Yerli oyunçu yoxdur deyə, rotasiyalar etməyə çalışırıq. İlkini start heyətində oynatmaqla irəli xətdə legioner oynada bilirik. Qabağa yerli futbolçulardan kimisə qoysaq, hücum rəngarəng olmayacaq”.
Azər Bağırov son 8 turda “Səbail”lə 5 xallıq fərq aradan qalxmasının mümkünlüyünə də toxunub:
“Bu, elə də böyük fərq deyil. İki oyun uduzsaq, rəqib isə qələbə qazansa, yerlər dəyişəcək”.
“Ümid edirəm ki, bu durumdan çıxacağıq” – Elvin Məmmədov
“Səbail”in baş məşqçisi Elvin Məmmədov isə heç-heçəyə belə şərh verib:
“Kəpəz” elitada qalmaq uğrunda əsas rəqibimizdir. Oyunun ciddiliyinin fərqində idik. Məncə, indiki durumda bu 1 xal bizə xeyir verəcək. Futbolçuların yerinə danışmaq asan olar. Əziyyəti onlar çəkir. Yorulubsa, bir az vaxt apara bilər. Bu, futbolun qanunudur. Amma bura 1 xal üçün yox, 3 xal üçün gəlmişdik. Şükürlər olsun, ən azından uduzmadıq. Çempionat davam edir. Ümidimizi üzməmişik, sona qədər mübarizə aparacağıq. Məqsədimiz futbolçuları psixoloji cəhətdən hazırlamaqdır. Ümid edirəm ki, bu durumdan çıxacağıq”.