Bakı, 31 mart, AZƏRTAC
31 Mart Soyqırımının dünya ictimaiyyəti tərəfindən anılması Azərbaycanın xalqının ağrılı səhifələrini gündəmə gətirmək və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün olduqca vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat xatırladıb ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü 1918-ci ildə Bakıda və digər regionlarımızda erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qətllərin, təcavüzlərin və zülmlərin yad edilməsi kimi qeyd edilir. O, daha sonra deyib: “1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilib, soydaşlarımız işgəncələrə məruz qalıblar. Bu qanlı faciə Bakı Sovetinin 6 min silahlı əsgəri ilə yanaşı, həmçinin “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən törədilib, silahlı erməni bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edilib, uşaqdan böyüyədək hər kəs qətlə yetirilib.
Erməni qəsbkarları tərəfindən törədilən bu hadisə təkcə insanlara qarşı deyil, həm də mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qarşı həyata keçirilib. Soyqırımı zamanı bölgələrimizdə xeyli sayda yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Tədqiqatçıların araşdırmasına əsasən, soyqırımı zamanı təkcə Şamaxıda baş vermiş hadisələr nəticəsində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirilib, 18 min nəfərdən çox şəxs isə yurd-yuvasından didərgin düşüb. Qubada törədilən qırğınlar zamanı ümumilikdə 4 min nəfərdən artıq soydaşımızın qətlə yetirildiyi bildirilir. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2 min 750-dən çox ev yandırılıb.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması haqqında 30 dekabr 2009-cu il tarixli, 673 nömrəli Sərəncam imzalayıb. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılıb.
Bundan başqa, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 3587 nömrəli Sərəncam imzalayıb, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılıb və Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.
Soyqırımının tanınması və bu hadisənin dünya ictimaiyyəti tərəfindən anılması Azərbaycanın xalqının ağrılı səhifələrini gündəmə gətirmək və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün olduqca vacibdir. 31 Mart Soyqırımı həmçinin Azərbaycanın müstəqillik və milli azadlıq mübarizəsinin bir parçasıdır”.