AZ

ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb.

Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.

Bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb.

İlk dəfə olaraq qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılıb.

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edən yeni FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib.

Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb.

Seçilən
111
49
publika.az

10Mənbələr