Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur. Belə ki, bu gün italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” (My heart is yours) əsərinin təqdimatı olub.
Aznews.az xəbər verir ki, əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.
Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib.
A.Ələkbərov ötən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, müəllifə, sərginin kuratoruna və ekspozisiyanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən “365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele "Qəlbim sənindir” əsərinin yekun formasının alınmasında müəllifin keçdiyi yolun kifayət qədər uzun olduğunu diqqətə çatdırıb. Deyib ki, hər hansı bir büllurun formaya salınması üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və əsər üçün istifadə olunub.