Bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlar müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir.
Publika.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət TKTA-nın səlahiyyətləri xaricindədir. Həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı məqamlara diqqət etmələrini tövsiyə edir:
Seçilən ixtisasların Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”, Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli Qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda yer alması;
Kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür);
Nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil alınan ölkənin ərazisində olmaq və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq);