Almaniyanın “Volkswagen” şirkəti Donald Tramp administrasiyasının yeni tariflər tətbiq etməsi səbəbindən Meksikadan ABŞ-a avtomobil tədarükünü dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Automotive News” məlumat yayıb.
Belə ki, aprelin 2-dən ABŞ-a idxal olunan bütün məhsullar üçün 10%-lik baza tarifləri tətbiq ediləcək. Aİ üçün bu rəqəm 20%-ə, Meksika və Kanada üçün 25%-ə, Çin üçün isə 34%-ə qaldırılıb.
Qeyd olunur ki, ABŞ-da Volkswagen-in qiymətləri xeyli artacaq: şirkət avtomobillərin maya dəyərinə 25 faizlik rüsumun ödənilməsi xərclərini daxil edəcək. Tiguan, Taos və Jetta modelləri Meksikadan ABŞ-a gətirilir.
ABŞ prezidenti Donald Tramp aprelin 3-dən idxal edilən minik avtomobilləri, yüngül yük maşınları və avtomobil hissələrinə 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb.
“Motorlu nəqliyyat vasitələri və bəzi motorlu nəqliyyat vasitələrinin hissələrinin idxalı ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edir”, – ABŞ hökumətinin Federal Reyestrində dərc olunan sənəddə deyilir.
Hazır avtomobillər üçün 25% rüsum aprelin 3-dən, avtomobil hissələri üçün isə mayın 3-dən gec olmayaraq qüvvəyə minəcək.