Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 3-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən qondarma rejimin “parlament sədri” və digər “vəzifələrdə” işləmiş Davit İşxanyana suallar ünvanlanıb.
Təqsirləndirilən şəxs cinayətkar birliyin tərkibində funksiya və vəzifələri, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi, qondarma rejimin “parlamenti”nin fəaliyyəti, onun həmin “qurum”da “deputat” və “parlament sədri” kimi funksiya və vəzifələri, qanunsuz silahlı birləşmə olan “özünümüdafiə batalyonu”nun tərkibində iştirak dərəcəsi və rolu, “Daşnaksütyun” partiyasının ideologiyası, fəaliyyət istiqamətləri, siyasi əlaqələri, partiyanın Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərində fəaliyyəti, onun partiya daxilində vəzifəsi və rolu, habelə qeyd olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair sualları cavablandırıb.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən 1992-ci ilin yayından qondarma rejimdə “tabor komandiri” vəzifəsini tutduğunu və Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib.
D.İşxanyan “Daşnaksütyun” partiyasının fəal üzvü olduğunu, iki il müddətində qondarma rejimin “parlamenti”ndə partiyanın “fraksiya rəhbəri” “vəzifəsini” icra etdiyini deyib.
Təqsirləndirilən şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də “Daşnaksütyun” partiyasının üzvü kimi qoşulduğunu etiraf edib.
David İşxanyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırarkən qondarma rejimin “ordusu”nun idarə olunmasının “özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirərək deyib: “Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm”.
O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman qeyd edib ki, Birinci Qarabağ müharibəsində “tabor komandiri” olarkən Monte Melkonyana tabe olub.
D.İşxanyan müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.
“Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin “komandir”i idim. Səkkiz tabor rayonun “müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri isə Samvel Babayan idi”, - deyə o bildirib.