AZ

Süni İntellekt Strategiyası

Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyada süni intellektin tətbiqi sürətlə inkişaf edir. Yeni texnologiya insanların həyatının bir çox sahəsində mühüm yer tutmağa başlayıb. Azərbaycan da bu qlobal trenddən kənarda qalmayıb. Süni intellektin tətbiqini ölkənin müxtəlif sahələrinə inteqrasiya etmək üçün mühüm addımlar atılıb. Bu çərçivədə Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənən 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası mühum əhəmiyyətə malikdir.

Sözügedən strategiya süni intellektin ölkədə inkişafı və geniş tətbiqi üçün əsas istiqamətləri və həyata keçiriləcək tədbirləri müəyyən edir. Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır. Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır. Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır. Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.

Eyni zamanda, Strategiyada süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsini şərtləndirən əsaslandırma məsələləri də diqqətə çatdırılıb. Belə ki, sənəddə innovasiya yönümlü sərmayələrin cəlbini sürətləndirən, cəmiyyətin maraqlarını və dəyərlərini qoruyan süni intellekt üzrə idarəetmə sisteminin yaradılmasının zəruriliyi xatırladılıb. Həmçinin, dünyada süni intellektin inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurulması sözügedən strategiyanın prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. Beləliklə, innovatorların, tədqiqatçıların və sahibkarların fəaliyyətini dəstəkləyən, stimullaşdıran, eləcə də əhalinin süni intellekt texnologiyalarına inamını reallaşdıran idarəetmə sisteminin formalaşdırılması nəzərdə tutulub.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda gözlənilən nəticə indikatorları isə aşağıdakı kimi sıralanıb:

– innovasiya yönümlü investisiyaları cəlb edən və cəmiyyətin maraqlarını qoruyan süni intellekt idarəetmə sisteminin qurulması;

– süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəli istifadəni gerçəkləşdirmək məqsədilə kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər prioritet sektorların müəyyənləşdirilməsi;

– süni intellekt tətbiqlərində şəffaflığı, ədalətliyi və etik prinsiplərə uyğunluğu reallaşdırmaq məqsədilə hüquqi çərçivənin hazırlanması, habelə beynəlxalq standartlara uyğun milli normativ hüquqi bazanın işlənilməsi və tətbiqi;

– süni intellekt ekosistemində qlobal səviyyədə Azərbaycan Respublikasının mövqeyini gücləndirmək məqsədilə regional və beynəlxalq tərəfdaşlıqların inkişafının sürətləndirilməsi.

Sənəddə strategiyanın icrasında yarana biləcək riskləri neytrallaşdırmaq məqsədilə süni intellektin tətbiqi potensialı və tələblərini nəzərə almaq şərtilə hər bir sektorda ətraflı təhlillərin aparılacağı, mütəxəssislərin və ekspertlərin fikirləri, təklifləri əsasında prioritet sektorların müəyyənləşdiriləcəyi, pilot layihələrin həyata keçiriləcəyi və resursların balanslı şəkildə bölüşdürüləcəyi də nəzərdə tutulur.

Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, 2021-ci ildən bəri bu sənədin hazırlanması, razılaşdırmalara verilməsi, təsdiqlənmə ərəfəsində olması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dəfələrlə məlumatlar açıqlayıb: "RİNN bu sənədin beynəlxalq təcrübə, xüsusilə də Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə birgə hazırladığını açıqlamışdı. Hiss olunurdu ki, müəyyən dövlət qurumları arasında da bununla bağlı maraq toqquşmaları var. Hətta daha bir-iki qurumun da bu istiqamətdə sənəd layihələri hazıfrlandığı bildirilirdi. Nəhayət ki, belə bir vacib sənədin qəbulu ölkəmiz üçün xeyli əhəmiyyətli bir hadisədir. Dünyada, regionda  hazırda bu istiqamətdə amansız bir rəqabət, çarpışma var. Ölkəmizin bu prosesdən geri qalması heç bir halda doğru olmazdı. Bu baxımdan sənəddə xeyli əhəmiyyətli məqamlar gözə dəyir. Ümumiyyətlə, Strategiya süni intellekt sahəsində Azərbaycanın konkret hədəflərini, məqsədlərini və ona uyğun da vəzifələri və tədbirləri müəyyənləşdirib. Konkret tədbirlər, icra müddəti və məsul qurumlar, gözlənilən nəticələr nəzərdə tutulub. 4 əsas istiqamət üzrə 15 tədbir müəyyən edilib. Süni intellektin tətbiqi üzrə prioritet istiqamətlər, əlaqəli dövlət qurumlarının siyahısı hökumət tərəfindən təsdiqlənməlidir. Burada diqqət cəlb edən məsələ həm də odur ki, Strategiyadakı tədbirlərin əlaqələndirilməsi və icraya nəzarət hansısa bir mərkəzi icra qurumuna deyil, birbaşa Nazirlər Kabinetinə verilib.Tədbirlər içərisində əsas icraçı qurum olaraq RİNN  daha çox gözə çarpır. Həmçinin İN, DTX, XRİTDX, ETN, VXSİDX və digər qurumlar tədbirlərin icrası üçün məsuldur".

O.Gündüz hesab edir ki, strategiya süni intellektin idarəetməsinin inkişafını və müvafiq hesablama infrastrukturun yaradılmasını, data idarəetməsi və infrastrukturunun təkmilləşdirilməsini, kadr potensialının artırılmasını və Süni intellekt Akademiyasının yaradılmasını, əlverişli biznes mühitinin və müvafiq dövlət standartlarının yaradılmasını, süni intellekt sahəsində cəmiyyətin məlumatlılığının təşkilini nəzərdə tutub: "Nəhayət ki, Təbii Dil Emalı ilə bağlı işlərin də görülməsi burada öz əksini tapıb. Bu Strategiya, Azərbaycanın rəqəmsal gələcəyini qurmaq üçün əsas addımlardan biridir. Sənəd ölkədə  süni intellekt ekosisteminin formalaşmasına və bununla əlaqəli əlverişli mühitin inkişafına, kadr potensialının formalaşmasına  təkan verəcək. Qeyd olunanların reallaşdırılması təkcə texnoloji inkişafı deyil, həm də iqtisadi, sosial və beynəlxalq sahələrdə ölkəmizin mövqeyini gücləndirəcək.  Düşünürəm,  bu strategiya, Azərbaycanın rəqabət qabiliyyətinin güclənməsində mühüm rol oynayacaq. Əlbəttə, uğur qazanmaq üçün Strategiyanın effektiv şəkildə həyata keçirilməsi, resursların düzgün bölüşdürülməsi və davamlı monitorinqin həyata keçirilməsi vacibdir".

Seçilən
89
40
hafta.az

10Mənbələr