Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 döyüş təyyarəsi Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış SOM ŞAHİN qanadlı raketi ilə atış sınağını uğurla tamamlayıb.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin TÜBİTAK mərkəzindən açıqlama verilib.
“Azərbaycanın Su-25 təyyarəsindən TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən pod və təyyarədən müstəqil atış sistemi (Uçaktan Bağımsız Atış Sistemi – UBAS) ilə SOM-B1 atışı uğurla həyata keçirilib”, – deyə açıqlamada qeyd olunub.
“SavunmaSanayiST”in bildirdiyinə görə, sözügedən atış fəaliyyəti 2024-cü ildə Türkiyədəki sınaq poliqonunda yerinə yetirilib. Su-25ML (modernizə edilmiş “Laçın”) təyyarəsindən atılan SOM ŞAHİN (Azərbaycana xas SOM-B1 konfiqurasiyası) qanadlı raketi uzaq məsafədəki hədəfi uğurla vurub. Beləliklə, Azərbaycanın ilk dəfə 2018-ci ildə elan etdiyi SOM qanadlı raket satınalmalarının ən kritik mərhələsi başa çatıb.
TÜBİTAK SAGE mərkəzi və “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən və istehsal olunan SOM, Türkiyənin ilk havadan atılan qanadlı raketi kimi tanınır. Daha əvvəl Azərbaycanın SOM tədarükü mühərrikə qoyulan embarqolar səbəbindən həyata keçirilə bilməmişdir. Ancaq Türkiyənin yerli istehsal olan KTJ-3200 turbojet raket mühərrikini istifadəyə verməsi ilə Azərbaycana ixracın yolu açılmışdır.
Ötən il Bakıda keçirilmiş ADEX-2024 sərgisində “Roketsan”ın baş direktoru Murat İkinci verdiyi açıqlamada Azərbaycana ilk SOM ŞAHİN tədarükünün 2024-cü ilin sonuna kimi həyata keçirilməsinin planlaşdırıldığını bildirmişdi. Bu çərçivədə Azərbaycana SOM ŞAHİN tədarükünün Su-25 ilə həyata keçirilən atışdan sonra 2024-cü il ərzində reallaşdırılması ehtimalı mövcuddur.
SOM ŞAHİN qanadlı raketi Azərbaycan tərəfindən Su-25 və “Akıncı” platformalarında istifadə olunacaq. Beləliklə, yaxın gələcəkdə “Akıncı” PUA-dan SOM qanadlı raketi ilə inteqrasiya yoxlama atışlarının yerinə yetirilməsi gözlənilir.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının qanadlı raket ehtiyaclarını qarşılamaq məqsədi ilə TÜBİTAK SAGE-nin baş podratçılığı çərçivəsində 2006-cı ilin aprel ayında Səthə Atılan Orta Mənzilli Sursat (SOM) layihəsi başladılıb.
SOM sisteminin modul quruluşu fərqli variantların yaradılmasına imkan verərək oxşar raket sistemləri ilə müqayisədə daha çox əməliyyat çevikliyi təqdim edir.
230 kq ağırlığında döyüş başlığına sahib olan raketin ümumi kütləsi 60 kq-dir. Raketin ümumi uzunluğu təqribən 4 metr, mənzili isə 250+ kilometrdir. Raket “Roketsan” tərəfindən istehsal olunur.