Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, hurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi qəsəbəsinin icma sədri Abbas Pənahov olub. O ata-baba yurdu haqqında geniş məlumat verib.
İcma sədri bildirib ki, 1918-ci ildə Andranik, Dro və Nijdenin rəhbərlik etdiyi silahlı erməni quldurları Vedi rayonunda dinc insanları kütləvi şəkildə qətlə yetiriblər. Bolşevik libasına bürünən daşnaklar 1920-ci ildən sonra da müxtəlif vasitələrlə soydaşlarımızı fiziki-mənəvi zorakılığa məruz qoyub, qəddarlıqla öldürüblər.
A.Pənahov babasının, nənəsinin söylədiklərinə istinad edərək vurğulayıb ki, sovet hakimiyyəti illərində Qərbi Azərbaycandakı soydaşlarımız dövlət səviyyəsində ən müxtəlif formada ayrı-seçkiliklə üzləşiblər. Bütün bu hadisələr 1988-ci ildə Qərbi Azərbaycandakı həmvətənlərimizin ata-baba yurdlarından tamamilə deportasiyası ilə nəticələnib. Böyük Vedidən olan soydaşlarımız Bakı və Naxçıvanda məskunlaşmaq məcburiyyətində qalıblar.
Müsahib sonda qeyd edib ki, nəinki deportasiyaya məruz qalan Böyük Vedi sakinləri, hətta bu yaşayış məntəqəsini ümumiyyətlə görməyən gənclər də tarixi torpaqlarımıza qayıtmaq istəyirlər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.