AZ

ABŞ və İran  seçim qarşısında - Sülh üçün SON ŞANS yoxsa BÖYÜK MÜHARİBƏNİN başlanğıcı?

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqlar apardığını, şənbə günü yüksək səviyyəli görüşün keçiriləcəyini açıqlayıb.
Bu barədə Moderator.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli bildirib ki, görüşün baş tutacağı ilə bağlı rəsmi olaraq Birləşmiş Ştatlar və İran xarici işlər naziri açıqlama veriblər. Şənbə günü Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər İranın xarici işlər naziri və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi olacaq:
“Tərəflərin görüşü ilə bağlı  bir qədər qeyri- müəyyən vəziyyət var. Çünki Birləşmiş Ştatlar görüşü birbaşa danışıqlar adlandırır. İran isə bunun vasitəçilərin iştirakı ilə keçiriləcək danışıqlar hesab edir. Amma istənilən halda nəticə dəyişmir, görüş olacaq. İran Birləşmiş Ştatlarının şərtlərini qəbul edəcək, yoxsa güzəştə gedəcək? Hazırda tərəflərin nüvə proqramı və digər məsələlərə dair mövqelərində kəskin fərqlər mövcuddur. İndiki mərhələdə, tərəflərdən hansısa birinin güzəştə getməsi çətin görünür. Xüsusilə də tərəflər arasındakı münasibətləri nəzərə alsaq, danışıqların gərgin keçəcəyi gözlənilir”.
 
Politoloq hesab edir ki, Birləşmiş Ştatlar İrana zərbələr endirərsə, bunun həm İran üçün, həm də region üçün fəsadları olacaq:
“Təbii ki, müharibəni iki formada təsəvvür edə bilərik: ABŞ-ın İrana birbaşa zərbələri və ya məhdud formada zərbələr endirməsi. Birləşmiş Ştatlar İranın nüvə obyektlərinə, enerji infrastrukturuna və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirə bilər. Quru əməliyyatları həyata keçirilmədiyi təqdirdə müharibənin arealı və miqyası genişlənmir. Belə olan halda, çox böyük hərbi eskalasiya baş verməyəcək. Təbii ki, İran da müəyyən cavab tədbirləri görəcək. Amma irimiqyaslı müharibə, yəni həm hava hücumları, həm də quru əməliyyatları olsa, bunun fəlakətli və ağır nəticələri ola bilər. ABŞ və İran arasında irimiqyaslı müharibə olarsa, ölkəmiz üçün də müəyyən ciddi risklər var: siyasi,  təhlükəsizlik, demoqrafik baxımdan. Məlum olduğu kimi, milyonlarla soydaşımız İranda, öz tarixi vətənlərində yaşayır. Ona görə də, ölkəmiz üçün risklər əlbəttə ki, böyükdür”.
 
Mehin Mehmanqızı
 
Seçilən
276
50
moderator.az

10Mənbələr