“Ötən həftə Britaniya və Fransa hərbi qərargah rəislərinin Kiyevdə görüşü baş tutdu və müzakirə olunan əsas mövzu, sözsüz ki, Ukraynada Avropanın hərbi kontingentinin yerləşdirilməsi məsələsi idi. Ukraynanın atəşkəs üçün əsas tələblərindən biri, Qərb kontingentinin bu ölkədə təhlükəsizlik zəmanətçisi kimi yerləşdirilməsidir. Bu mövzu artıq Avropada ciddi şəkildə müzakirə olunur. Martın 20-də Parisdə Britaniya və Fransanın təşəbbüsü ilə Ukraynanın müdafiəsi üçün yaradılmış iradə koalisiyasının görüşü keçirildi. Bu birlik martın əvvəlində Londonda yaradılmışdı və əsas məqsəd Ukraynanın Rusiyaya qarşı hərbi üstünlüyünü təmin etmək, Ukraynanın hərbi imkanlarını genişləndirmək və eyni zamanda onun müdafiə qabiliyyətini gücləndirməkdir”
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Fransa və Britaniyanın Ukraynanın Odessa vilayətinə hərbi müdaxilənin şərtlərini hazırladığını bildirib. Zaxarova, bu ölkələrin Baş Qərargah rəislərinin Kiyevdə keçirilən görüşdə sözügedən məsələləri müzakirə etdiklərini iddia edib. Bu açıqlama, Ukrayna müharibəsinin daha da genişlənib-genişlənməyəcəyi barədə suallar doğurur.
Siyasi şərhçi bildirib ki, martın 20-də baş tutan görüşün mətbuat konfransında aydın oldu ki, Avropa liderlərinin hamısı Ukraynaya qoşun göndərilməsinə razı deyil.
“Britaniya və Fransa bu ideyanı dəstəkləyir, amma Polşa məsələyə daha ehtiyatla yanaşır və öz əsgər qoşunlarının Ukraynada olmaması ilə bağlı bəyanat verib. İtaliya da bu məsələyə müsbət yanaşmır. Macarıstan və Slovakiya isə ümumiyyətlə bu təklifə qarşıdırlar. Beləliklə, hərbi kontingentin göndərilməsi ilə bağlı Avropa ölkələri arasında vahid mövqe yoxdur. ABŞ da bu məsələyə tərəddüdlə yanaşır. Hazırda Avropanın əsas vəzifəsi, bu hərbi kontingentin göndərilməsi məsələsini konkretləşdirmək və hansı ölkələrin iştirak edəcəyini müəyyənləşdirməkdir. Digər tərəfdən, Rusiya hər zaman prinsipial mövqeyini qoruyub saxlayır ki, heç bir halda NATO üzvlərinin hərbi kontingenti Ukraynada yerləşdirilə bilməz. Bu, yeni eskalasiyaya səbəb ola bilər və belə bir vəziyyət Rusiya ilə NATO arasında birbaşa toqquşma riskini artıra bilər. 2022-ci ilin fevralında Rusiya, Ukraynanın NATO-ya mümkün inteqrasiyasına qarşı olaraq bu ölkəni işğal etməyə qərar vermişdi. Həmin vaxtdan bəri Rusiya bu mövqeyini dəyişməyib və açıq şəkildə bildirir ki, NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi birbaşa toqquşma ilə nəticələnə bilər. Bu fikri, keçmişdə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev də ifadə etmişdi”.
Siyasi şərhçi sonda əlavə edib ki, bu vəziyyət Ukrayna müharibəsinin genişlənmə ehtimalını daha da artırır:
“Çünki indiki halda, sülh danışıqları ilə bağlı heç bir konkret irəliləyiş yoxdur, yalnız məhdud atəşkəs imzalanıb və o da tam şəkildə yerinə yetirilmir. Belə olan halda, Avropa hərbi kontingentinin Ukraynanın Mərkəz və Qərb bölgələrində yerləşdirilməsi, onların Rusiya tərəfindən hədəf alınmasını istisna etmir. Bu isə, artıq Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riskini artırır və müharibənin miqyasını daha da genişləndirə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az