“Sülh missiyası” antisülh mövqeyi ilə revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir
Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası son vaxtlar fəallığını daha da artırıb və əsas diqqət də ona yönəlib ki, Azərbaycan Ordusu və sərhəd mühafizə qüvvələrimizin dislokasiyası haqqında daha geniş məlumat toplayıb Ermənistana ötürsünlər. Avropa ölkələrindən diplomat və siyasi xadimlər də Azərbaycan sərhədinə bu niyyətlə gəlirlər. Bir sözlə, Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı kəşfiyyat müharibəsini gücləndirir. Avropa İttifaqının Ermənistandakı təxribatçı missiyası "gecə vaxtı təhlükəsizliyin yaxşılaşdırılması və potensial gərginliyin azaldılması" məqsədilə mart ayından etibarən Ermənistan-Azərbaycan sərhədində gecə patrul xidmətinin sayını artırıb. Bu barədə Aİ missiyasının mətbuat xidməti məlumat yayıb. “Müşahidəçilərimiz gecə-gündüz daimi təmasda olmaqla, gecə-gündüz əlaqə saxlayırlar”, - deyə mətbuat xidməti qeyd edib. Xatırladaq ki, Ermənistan mart ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur. Ənənəvi olaraq, Ermənistanın bu cür hərəkətləri Azərbaycana qarşı saxta ittihamlarla müşayiət olunur.
Digər bir məsələ odur ki, bu gün dünyanın bəzi siyasi dairələrində, xüsusilə Qərb və Avropa İttifaqı ölkələri Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə çox ciddi şəkildə mane olmağa çalışırlar. Onlar bu prosesdə öz varlıqlarını sübut etmək və qoruyub saxlamaq üçün bütün resurslarını işə salıblar. Bu da təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün əldə edilməsinə çox ciddi maneələr yaradır. Xüsusilə də Azərbaycanın haqlı və ədalətli mövqeyinə zidd addımlardır. Çünki, Ermənistanın paralel olaraq silahlandırılması, eyni zamanda, bu cür təxribatçı addımların atılması, xüsusilə də son dövrlərdə Ermənistan ordusunun atəşkəsi pozması halları göstərir ki, Ermənistan Avropa İttifaqının missiyasına arxayın olaraq yeni müharibəyə hazırlaşır. Keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət heyət mülki "müşahidə" missiyası kimi qələmə verilsə də, Aİ-nin əsas diktə edən üzvü - Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması, ordu quruculuğunda iştirak etməsi və bütün bu kimi addımların fonunda İrəvanın Bakı ilə sülhə gəlmə çabalarını bloklaması əsas hədəfin bölgədəki sabitlik olduğunu deməyə əsas verir. Makron Fransasının əlində geosiyasi təzyiq alətinə çevrilmiş təşkilatın Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid olan fəaliyyətini sülh kontekstində şərh etmək mümkün deyil. Nəzərə alsaq ki, son dörd il ərzində Brüsselin atdığı bir sıra addımlar barədə qərarlar tam məxfilik şəraitində qəbul edilib, qarşıdakı iki il ərzində Aİ yalnız missiyanın mandatının müddətini uzatmaqla kifayətlənməyə də bilər. 2022-ci ilin payızında olduğu kimi. Aİ kimi rəsmi Paris də regiondakı siyasətinin reallaşdırılmasında eyni taktikadan yararlanır. İrəvanla hərbi təmaslar ilkin müddətdə yalnız Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlik tədbir kimi qələmə verilirdi. Ortaya silah ixracı çıxanda isə bildirildi ki, bu, istisnasız olaraq müdafiə xarakterli silahlanma olacaq. Gündəmdə olan əsas mövzulardan biri də Makron Fransasının Ermənistanı uzaqmənzilli artilleriya sistemləri ilə təmin etməsidir. Bu baxımdan istisna edilməməlidir ki, Aİ-nin "sülh" missiyası gələcəkdə tam əsaslı hərbi bazaya transformasiya oluna bilər. Düzdür, təşkilatın belə bir təcrübəsi yoxdur. Ancaq indiyədək qurum heç Ermənistanda "keşik" çəkən missiya kimi təşəbbüslərə də müəlliflik etməmişdi. Ermənistanın silahlandırılması prosesinə "Sülh fondu"nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarət olmayacaq.
Brüssel Ermənistan ərazisində möhkəmlənməklə yalnız regional mövcudluğu barədə düşünmür, eyni zamanda, burada baş verən proseslərin nəbzini tutmağa çalışır. Azərbaycanın torpaq bütünlüyünü təmin etməsi 30 illik işğala son qoymaqla yanaşı, regiondakı digər münaqişə ocaqlarının da müsbət ssenari ilə çözümünə ümidlər yaradıb. Bu gün Cənubi Qafqazın gündəmi hərb deyil, sülhdür. Sabit və dayanıqlı sülh iqtisadi çiçəklənməyə yol aça bilər. Bölgədə həyata keçirilən qlobal layihələr, ən əsası isə logistik marşrutlar hər üç dövlətin rifah halının yüksəlməsinə xidmət edər. Təəssüf ki, Ermənistanda bunu ya dərk edə bilmirlər, ya da dərk edirlər, ancaq əl-qolları bağlıdır. Regional kommunikasiyaların tam açılması Azərbaycana əlavə imkanlar yaratdığı halda, Ermənistan üçün iqtisadi nəfəslik rolunu oynaya bilər. İrəvanda bunu başa düşürlər, ancaq güman ki, Qərb tərəfdaşlarının təzyiqləri fonunda qətiyyətli addım atmaqdan çəkinirlər. Bu nöqteyi-nəzərdən istisna etmək olmaz ki, "sülh" missiyasının qarşısına qoyulan daha bir vəzifə regional logistik marşrutlar üzərində nəzarətə nail olmaqdır. Beləliklə, nə qədər ki, Aİ "müşahidəçilər"i Ermənistandadır, etibarlı sülhdən danışmaq əbəsdir. Çünki sözügedən missiyanın gündəmi gərginlik, hərb və qeyri-sabitlikdir.
Sevinc Azadi, “İki sahil”